Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Xəstəliklərin bürclər üzrə bölünməsinin elmi əsası yoxdur” - HƏKİMDƏN AÇIQLAMA

  • 2019.05.06 10:57
  • 9859 Baxış
 “Xəstəliklərin bürclər üzrə bölünməsinin elmi əsası yoxdur” -  HƏKİMDƏN AÇIQLAMA
 Xəstəliklərin bürclər və qan qrupları üzrə təsnifatının elmi əsası varmı? Astroloq və həkimin fikirləri üst-üstə düşmür
Tez-tez münəccimlərin dilindən eşidirik ki, insanların hansısa xəstəliklərə meyilli olması onların bürcləri ilə əlaqədardır. Bunu da onunla əsaslandırırlar ki, xəstəliklərin səbəblərindən biri insanın hələ ana bətnində olarkən Günəş və Ayın təsirlərinə məruz qalmasıdır.

 


 

 

 

 
Astroloq Səbuhi Rəhimli mövzu ilə bağlı "Yeni Müsavat”a danışıb: "Təbiətdəki iqlim qurşaqları, coğrafi mövqe olduğu kimi, zodiak işarələri arasında özünə məxsus enerji bucağı olur və hər enerji bucağının həssas nöqtəsi olur. Məsələn, yaz gecə-gündüz bərabərliyində Günəş Qoç bürcündə olur. Bu zaman baş, qulaq, yuxarı hissələrdə həssaslıq olur və sairə”.
Beləliklə, bürclərə görə xəstəlikləri aşağıdakı kimi izah olunur:

Qoç bürcü: Xüsusilə ilə baş nahiyəsi həssas olan Qoç bürcünün tez-tez tutulduğu xəstəliklər baş ağrısı, temperaturun qalxması, miqren, beyin iltihabı, əzələ xəstəlikləri, yüksək təzyiqdir. Ani qəzalara meyilli olan Qoç bürcü Tərəzi bürcündən aldıqları əks təsirlərlə böyrək və bel nahiyəsində həssaslıq nümayiş etdirirlər.

Buğa bürcü: bu bürcün ən həssas nahiyəsi boyun və ənsədir. Qalxanvari vəzi, udlaq, səs telləri, badamcıqlar və qulaqlarla bağlı Buğalar problem yaşayır. Əqrəb bürcündən gələn əks təsir ilə cinsi orqanlar, badamcıq vəziləri də xəstəliklərə qarşı həssas olurlar. Kişilərdə prostat, qadınlarda yumurtalıq və uşaqlıq yollarında xəstəlikləri müşahidə olunur.
Əkizlər bürcü: Əkiz bürcündə doğulan insanların sinir sistemləri o qədər də güclü olmadığı bildirilir. Eyni zamanda çiyinləri, qolları və əlləri həssas olur. Körpücük sümüyünün qırıqları, çiyin və qol ağrıları, barmaqlarla bağlı ağırlar, sinir sistemində rahatsızlıq müşahidə edilir. Əkizlər bürcü Oxatan bürcündən gələn əks təsir ilə omba və ayaq nahiyəsi ilə bağlı ağrıları, revmatizm, qaraciyər, allergik xəstəliklərinə qarşı həssas olurlar. Xərçəng bürcü: deyilənə görə bu bürc altında doğulanların əsas həssas bölgəsi döş qəfəsi və mədədir. Qastrit, xora, 12 barmaq bağırsaq, mədəaltı vəzi, bağırsaq iltihabları, həzm problemləri bu bürcün ən çox üzləşdiyi və şikayət etdiyi xəstəliklərdir. Oğlaq bürcündən gələn əks təsir skelet sistemi, dizlər və dəri nahiyələrində problemlər yaşanır. Ağrıya dözümsüz olur, həyəcan və narahatlıq ucbatından kiçik bir məsələni böyütməyi sevirlər. Şir bürcü: bu bürcdən olanlar ürək rahatsızlığı, ürək çırpıntısı kimi xəstəliklərə daha yaxındırlar. Həmçinin kürək, əzələ ağırları, onurğa və bel sümüyündə yaşayan ağırlara daha çox meylli olurlar.
Qız bürcü: Bu bürcdən olan insanda həzmetmə və mərkəzi sinir sistemi həssas olduğu üçün psixomatik xəstəliklərə meyilli olur, bağırsaq problemləri, kolit, peritonit və həzm prosesində problem yaşayırlar.

 

 

 
Tərəzi bürcü: böyrək və bel hissələrində həssaslıq yaşayan Tərəzilər əzələ, sümük, sinir uclarında daha çox narahatlıq keçirirlər. Tərəzi bürcü nefrit, lumbaqo, soyuqdəymə və yoluxucu xəstəliklərə qarşı güclü deyillər. Qoç bürcündən gələn əks təsir nəticəsində baş və göz nahiyələrində narahalıq yaşayırlar. Özlərini çox sevən Tərəzilər xəstələndikdə xüsusi sevgi və qayğı gözləyirlər. Əqrəb bürcü: bildirilir ki, bu bürc altında olanlar əsasən cinsi orqanlarında problem yaşayırlar. Oxatan Bürcü: adətən bu bürc altında doğulanlar qaraciyər, revmatizm, maddələr mübadiləsinin pozulması nəticəsində əmələ gələn oynaq və toxuma xəstəliyindən əziyyət çəkir. Həmçinin oxatanların sinir sistemləri zəif olduğu bildirilir. Oğlaq bürcü: vücudlarının ən həssas hissəsi sümükləridir. Skelet sistemi, dişlər, diz qapağında narahatlıqlar yaşayırlar. Revmatizmdən əziyyət çəkən Oxatanlar Xərçəng bürcündən əks təsirə məruz qalır. Dolça bürcü: Dolça bürcünün ən həssas nöqtələri əzələ və bağırsaq sistemləridir. Zəhərlənmə, yüksək istilik, qıcolmalar, ayaqlarda varikoz genişlənmə, baldır və bilək ağrıları bu bürcün nümayəndəsinin əziyyət çəkdiyi xəstəliklərdir. Şir bürcündən aldıqları mənfi təsir ürək və onurğalarına pis təsir edir.
Balıq bürcü: bu bürc altında doğulanlar ayaqları və sinir sistemləri həssas olur. Psixomatik narahatlıqlara daha çox meyllidirlər. Yoluxucu xəstəliklərə müqavimətləri güclü deyil, limfa sistemləri də zəif ola bilir.

 Qeyd edək ki, təkcə bürclərə görə deyil, həmçinin qan qrupuna görə də insanların müəyyən xəstəliklərə meylli olduğu bildirilir. Ümumiyyətlə, hazırda 4 qan qrupu mövcuddur: - I (0), II (A), III (B), IV (AB). Qan qrupuna görə xəstəliklərə meylli olmaq məsələsinə gəldikdə, mütəxəssislər hesab edir ki, I qan qrupu olan insanlarda mədə-bağırsaq sistemi xəstəliklərinə, xüsusilə də mədə və 12 barmaq bağırsağı xorasına) daha tez-tez təsadüf edilir. Bunun səbəbini həkimlər bu insanların selikli qişalarında (o cümlədən, mədə-bağırsaq sistemi selikli qişalarında) aqqlütinogenlərin olmaması ilə əlaqələndirir. II(A) qan qrupuna aid olan insanlarda bu kimi xəstəliklərin inkişafı riski artmış olur: revmatik xəstəliklər, şəkərli diabet, qan xəstəlikləri, allergiyalar, ürəyin işemik xəstəliyi, qara ciyər xəstəlikləri, onkoloji xəstəliklər. III(B) qrupuna aid olan insanlar bəzi viris və mikrobların təsirinə qarşı daha davamsızdır. Bu səbəbdən onlarda nəfəsalma sistemi xəstəlikləri, infeksion xəstəliklər, sepsis, qadınlarda irinli mastit kimi xəstəliklərinə tez-tez təsadüf edilir.
IV(AB) qrupuna aid olan insanlarda qan xəstəlikləri, infeksion xəstəliklər, dayaq-hərəki sistemi xəstəlikləri (sümük və oynaqlar xəstəlikləri) daha tez-tez inkişaf olur.

 

 

Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı bunları bildirdi: "Əslində bu statistika belə aparılır - qan qrupları kimi insanlar bərabər bölünməyib. Ona görə də statistika nisbidir. Amma müəyyən edilir ki, müəyyən xəstəliklər var, hansı ki, onlar daha çox eyni qan qrupunda rast gəlinir. Hər halda bu, nisbidir. Digər tərəfdən qan qruplarının insanların immun sisteminə, onun şəxsiyyətinə, psixi durumuna elə bir dəxliliyi yoxdur. Bu, sadəcə, qanın tipidir və orqan və qan köçürülmələrində bioloji uyğunluq nəzərə alınır.

Bürc anlayışı isə ümumiyyətlə, tibdə mif kimi qəbul olunur və heç bir əsası yoxdur. Məsələn, bildirirlər ki, guya yay aylarında doğulanların immun sistemi güclü olur və yaxud əksinə. Və yaxud fəsillərin ana bətnində olan körpəyə təsir etdiyi bildirilir. Ona qalsa, az qala daim təbiət hadisəsi yaşayırıq, bu bizim immun sistemimizi, qan qrupumuzu və yaxud xarakterimizi dəyişə bilməz. Buna görə də bir daha qeyd edirəm ki, bunların heç bir elmi əsası yoxdur".

 

Xalidə GƏRAY,
"Yeni Müsavat”
 “Xəstəliklərin bürclər üzrə bölünməsinin elmi əsası yoxdur” -  HƏKİMDƏN AÇIQLAMA
 “Xəstəliklərin bürclər üzrə bölünməsinin elmi əsası yoxdur” -  HƏKİMDƏN AÇIQLAMA