Azərbaycanda koronavirusa yoluxanların sayı son günlər sürətlə artmağa başlayıb. Ölkədə təkcə son üç gün ərzində COVİD-19 infeksiyasına təxminən 2000 yeni yoluxma qeydə alınıb.
Media.Az pandemiyanın başlanğıcından bəri xüsusi rejimli xəstəxanalarda çalışan həkim infeksionist Nicat Əzimli ilə bu barədə söhbət edib.
Onun özü də koronavirus xəstəliyini keçirib, hazırda isə virusa yoluxanların sayının gündə 1000-1500 nəfərə çatacağından çəkinir.
“Dünya statistikasına baxsaq, tədqiqatları və öz təcrübəmi nəzərə alaraq deyə bilərəm ki, bu virusun gücü dəyişməyib. Xəstəlik oxşar fəsadlarla və ölüm sayı ilə əvvəlki qaydada davam edir”, - deyə N.Əzimli bildirib.
Ağır xəstələrin sayına gəlincə isə, həkimin sözlərinə görə, bu, yoluxanların sayından asılıdır:
“Yoluxanların sayı nə qədər çoxdursa, ağır xəstələrin sayı da o qədər artıq olacaq. Biz bu çoxalmanı hiss edirik, boş yataqlar yenidən dolub. Yəni əvvəlki həftələrlə müqayisədə gücləndirilmiş rejimdə işləyirik”.
Həkim payız-qış mövsümündə respirator infeksiyalarının sayının ənənəvi olaraq artdığını qeyd edib. Onun sözlərinə görə, bu il də əvvəlki illərdə olduğu kimi COVİD-19 da daxil olmaqla kəskin respirator xəstəliklərin artımı müşahidə olunacaq.
“Bu gün dünyanın bir çox ölkəsində, o cümlədən qonşu İran, Gürcüstan, Ermənistan, Rusiya, Türkiyədə koronavirus infeksiyalarına yoluxmada yenidən artım başlayıb. Bəzilərində gündə yoluxma hallarının sayı Azərbaycanda olandan üç dəfə çoxdur. Ölkəmizdə pandemiyanın yenidən güclənməsinin səbəbi soyuq fəslin yaxınlaşması, eləcə də ayrı-ayrı vətəndaşların məsuliyyətsizliyidir”, - deyə N.Əzimli vurğulayıb.
“Təəssüf ki, bəzi insanlar, xüsusən də ictimai nəqliyyatda, həmçinin insanların sıx olduğu digər yerlərdə tibbi maska taxmağı və sosial məsafəni saxlamağı dayandırıb. Vətəndaşlar karantin qaydalarına düzgün əməl etsələr, yoluxma ilə bağlı vəziyyəti nəzarətə götürmək olar. Əks təqdirdə, xəstələrin sayı gündə 1000-1500 nəfərə çata bilər. Ölkədəki hərbi vəziyyəti nəzərə alaraq, gəlin bu ssenarinin gerçəkləşməsinə imkan verməyək”, - deyə N.Əzimli sözlərini yekunlaşdırıb.