Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Xəstə yaxınlarına dərmanlar ancaq bu halda verilə bilər

  • 2024.04.19 11:25
  • 999 Baxış
Xəstə yaxınlarına dərmanlar ancaq  bu halda verilə bilər
Sosial şəbəkələrdə poliklinikalarda qeydiyyatda olan xəstələrə dərman verilməsində çətinliklər yaranması haqda paylaşımlar edilir. Problemlə üzləşən vətəndaşlar deyir ki, müxtəlif xəstəliklərdən əziyyət çəkən valideyni və ya yaxın qohumu üçün preparatları illərdir rahatlıqla götürə bilsə də, indi vəziyyət qəlizləşib. Bildirilib ki, dərman əldə etmək üçün ya xəstə özü xəstəxanaya gəlməlidir, ya da yaxınına etibarnamə verməlidir. Bəziləri isə iddia edir ki, hətta etibarnamə olduğu halda belə dərmanları əldə edə bilmirlər. Yaxınları bildirirlər ki, yaşlı və xəstə şəxslərin saatlarla ayaqüstə, şəraitsiz yerdə, növbələrdə gözləyib dərman əldə etməsi olduqca çətindir.

Medicinaaz Qafqazinfo-ya istinadla xəbər verir ki, şikayətçilərdən biri olan Elvin Əhədin sözlərinə görə, sonuncu belə hadisə Mirqasımov adına Respublika Klinik xəstəxanasının Nevrologiya şöbəsində yaşanıb.

Vətəndaş dağınıq skleroz xəstəliyindən əziyyət çəkən qardaşı Elməddin Əhədov üçün klinikaya getdikdə yalnız etibarnamə olduğu halda dərman preparatları veriləcəyini öyrənib: “Tam 80 dəqiqə növbə gözləyirsən, sonra həkim çıxıb deyir ki, İTS sistemi tətbiq edildiyinə görə 14 ildir xəstənizə verdiyimiz dərmanları indi etibarnamə olmadan verə bilmərik. Bütün iş-gücünü at, get rayona, evə notarius apar, 95 manat ödə, xəstə etibarnamə versin, sonra gəl yenə nömrə götür, 2 saat gözlə, sonra dərmanı yazaq”.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirib ki, burada qanunazidd olan heç bir hal yoxdur:

“İlk olaraq qeyd edim ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində bir şəxsin 3-cü şəxslər qarşısında təmsilçilik hüququ var. Bunun üçün başqa şəxsə verilən sənəd vəkalət, etibarnamə sayılır. Qeyd edim ki, bəzi dərman preparatlarının xəstə yaxınına etibarnamə əsasında təqdim edilməsi tibb müəsisələri tərəfindən qanunamüvafiqdir. Dərmanların xəstə yaxınlarına verilməsi onun qanuni nümayəndəsi vasitəsilə təsbit olunur və həmin şəxslərə verilir”.

Departament rəhbərinin sözlərinə görə, bəzi xəstələr dərman preparatı əldə etmək üçün müəyyən müddətdən bir həkim müayinəsindən keçməlidir:


“Məsələn, endokrinoloji sahədə birinci tip şəkərli diabet insulindən asılı xəstələr bir aydan bir endokrinoloqun qəbulunda olmalıdır və ona dərman təyin olunmalıdır. Burada mütləqdir ki, xəstənin özü birbaşa iştirak etsin, həkim qəbulunda olsun və müəyyən müayinə və yoxlanışlardan keçsin. Digər hallarda bəzi xəstələr var ki, onların ağır dərəcədə əlilliyi və eyni zamanda sağlamlığı ilə bağlı hərəkət məhdudiyyəti var. Həmin şəxslər özləri birbaşa xəstəxanaya yaxınlaşa bilmirlər. Bu halda da qanunamüvafiq olaraq həmin şəxslərin qanuni nümayəndəsi adlandırdığımız, yəni vəkalət verdiyi şəxslər tibb müəsisəsinə yaxınlaşaraq təyin olunan dərman preparatlarını əldə edə bilərlər”.

Zamirə Ədilova qeyd etdi ki, dərman preparatlarının xəstə yaxınlarına yalnız etibarnamə ilə verilməsində məqsəd ondan ibarətdir ki, təyin olunan dərman preparatları zərurəti üzrə təyinatı olan şəxsə vaxtında və ona birbaşa çatdırılsın:


“Ehtimal oluna bilər ki, bəzən şəxslər sui-istifadə hallarına yol versinlər. Şəxsiyyət vəsiqəsi və yaxud sənədin sürətini təqdim etməklə tibb müəsisəsindən əldə edəcəyi dərman preparatlarını başqa məqsədlər üçün istifadə etsinlər”.