Azərbaycanda ilk dəfə xəstəyə süni ürək yerləşdirilməsi əməliyyatı ilə kardiologiya sahəsində çoxdan gözlənilən hadisəni reallaşdıran Respublika Müalicəvi Diaqnostika Mərkəzi Ürək və Damar Cərrahiyyəsi Uzmanı, Ürək-damar xəstəlikləri Şöbəsinin müdiri, həkim Anar Əmrah süni ürək və bu ürəklə insanın necə yaşayacağı barədə maraqlı məlumatlar açıqlayıb.
O, ilk dəfə artıq həyatını itirmək təhlükəsi ilə üz-üzə qalan və süni ürək yerləşidirilən 55 yaşlı xəstə barədə danışıb.
Medicina.az Oxu.az-a istinadən həmin müsahibəni təqdim edir:
- Həkim, bir qədər 55 yaşlı pasiyent barədə məlumat verərdiniz. Bu, ölkədə ilk prosedurdur?
- Bəli, ilk dəfə 55 yaşlı Qubuşov Vasif İslam oğluna 140-160 qram çəkidə olan süni ürək qoşulub. Bu pasiyent bizə müraciət edənə qədər Rusiya, Türkiyə, Belarus və bir çox ölkələrdə müalicə alıb. Burada da müalicə olunub. Ona vəziyyəti ilə bağlı məlumat verilib və çıxış yolu kimi süni ürək qoyulmasının ən məqbul yol olduğu bildirilib.
Xəstə bu barədə fikirləşəcəyini deyərək evə yazılıb. Lakin bir gün sonra çox ağır, təngnəfəs vəziyyətdə xəstəxanaya gətirilib. Zamanımız yox idi. Əməliyyatı bazar gününə saldıq. Xəstəni itirmək üzrə idik. Ürək öz fəaliyyətini yerinə yetirə bilmirdi. Dörd saat davam edən əməliyyatda ürəyin yuxarı hissəsinə süni ürək yerləşdirildi. Ürəyə gedən damarlar süni ürəyə yönləndirildi.
Ürəyin passiv də olsa, fəaliyyəti var. Lakin əsas güc süni ürəyin üzərinə düşür. O qanı yığır və digər orqanlara ötürür. Təqribən 8-10 litrə yaxın qan ötürülür ki bu da orqanların qanla təminatını qarşılaya bilir.
- Bəs cihaz necə fəaliyyət göstərir?
- Cihaz ABŞ istehsalıdır. Ən müasir texnologiyalarla hazırlanmış həcmcə kiçik ürəkdir. Aparatın işləməsindən asılı olaraq 6-8 və ya 12-24 saat ərzində batareya gücü ilə çalışa bilir. Ehtiyat olaraq dörd batareya verilir. Ehtiyac yaranarsa, daha dörd batareya ilə təchiz etmək imkanımız var.
- Batareyanın enerjisi bitdi və xəstə elektrik olmayan hər hansı bir yerdə qaldı. O zaman nə baş verəcək?
- Bilirsiniz, batareyanı həm maşında, həm evdə enerjiyə qoşmaq olur. Batareyaların enerji ilə təmin edilməsinə diqqət edilməlidir, inanmıram, hər hansı bir xəstə öz həyatına bu cür diqqətsiz yanaşsın. Amma dediyiniz hal yaşanarsa, təbii ürək tamamilə fəaliyyətini itirmir. Passiv şəkildə də olsa, 24 saat öz funksiyasını yerinə yetirə bilər. O baxımdan, xəstələrə tövsiyə edirik ki, elektrik təchizatı olmayan ərazilərdə 24 saatdan artıq qalmasınlar.
- Batareyaların istifadə müddəti bitdikdən sonra pasiyent həmin batareyaları almaq üçün nə qədər pul verməlidir?
- Heç bir ödəniş edilmir. Bu batareyalar həmin xəstələr üçün sifarişli gəlir və ehtiyac olan zaman onlar zəruri sayda batareya ilə təmin edilirlər.
- Bu insanlar yatanda batareya bitərsə, nə baş verər?
- Yaxşı olar ki, yatan zaman batareya ilə deyil, cihazın kabelini elektrik cərəyanı yuvasına taxaraq yatsınlar. Kabel kifayət qədər uzana və qısala bilir. Bütün proseslər bədənin daxilində qalır. Sadəcə aşağı tərəfdən cərəyan kabeli bədəndən çölə çıxarılıb ki, bu da cihazın enerji bərpası üçün idtifadə edilir.
- Doğru başa düşdüm, insan enerjiyə qoşulu halda yatmalıdır?
- Bəli, düz başa düşdünüz.
- Hər hansı qısaqapanma və ya elektrik problemi onların həyatı üçün riskli deyil?
- Xeyr, heç bir təhlükə yoxdur. Cihazın daxilində və proqramında təhlükəsizlik üçün qoruyucular mövcuddur.
- Bəs bu insanlar normal insanlar kimi duş qəbul edə biləcək? Su ilə təmas cihazın istifadəsində problem yaradır?
- Xeyr. Bunlar əvvəlcədən düşünülüb. Süni ürək cihazı suya və zərbəyə davamlıdır.
- Əməliyyat 97-100 min manat civarında vəsait tələb edir. Süni ürəyə ehtiyacı olan çox sayda insan var. Əməliyyatın gerçəkləşdirilməsində əhaliyə dövlət yardımı istiqamətində hər hansı layihə hazırlanacaqmı?
- Bu gün Azərbaycanda ürək köçürülməsi Milli Məclisdə müzakirəyə qoyulub. Ümid edirəm ki, bu məsələ yaxın gələcəkdə öz həllini tapacaq. Ürək köçürülməsi bu işin ən son mərhələsi hesab olunur. Yəni canlı donorların tapılması üçün çox zaman sərf edilir. İtirilən hər dəqiqə isə pasiyentin vəziyyətinin daha riskli hal alması deməkdir. Həm də çox nadir halda təsadüf edilir ki beyin ölümü gerçəkləşsin, lakin ürək, ağciyər fəaliyyətini saxlasın. Məsələn, 55 yaşlı xəstəmizdə ağciyər təzyiqi 90-a çatmışdı.
Orqan köçürülməsi zamanı artıq ona iki orqan - ağciyər və ürək köçürülməli idi. Bunun üçün isə donor kimi istifadə ediləcək şəxsin ailə yaxınlarının icazəsi olmalıdır, qan qrupu uyğun gəlməlidir, xəstəlikləri olmamalıdır. Bu, kifayət qədər uzun prosedurdur. Eyni zamanda, bu gün ölkə qanunvericiliyində ağciyər transplantasiyasına icazə yoxdur. Məhz bu səbəblərdən biz süni ürək qoyulması yolunu seçdik.
- Xəstənin qidalanmasına dəyişiklik ediləcəkmi?
- Xəstə altı həftə özünə diqqət etməlidir. Qida rasionu, demək olar ki, normal insanlarla eynidir. Lakin ömür boyu qan durulaşdırıcı preparatlardan istifadə etməlidir ki, cihaz qan laxtaları ilə təmas yaratmasın.
- Bu cihaz nə vaxtsa ürəkdən çıxarılır?
- Gənc xəstələrdə ürəyin fəaliyyətini nəzərə almaqla, altı aydan sonra çıxarmaq olur. Altı ay müddətinə süni ürək təbii ürəyin fəaliyyətinə təkan verərək onun aktiv və normal fəaliyyətini təmin edirsə, cihazı çıxarırıq. Lakin yaşlı xəstələrdə bunu etmirik, çünki ürək hüceyrələri ölür. Bu səbəbdən cihaz ömür boyu ürəyin yanında qalır. Cihaz dəyişdirilmir, yalnız batareyaları dəyişdirilir. Təbii ki, minimum ehtimallar var ki, cihaz xarab olsun. ABŞ-da belə bir hal olub və cihaz dəyişdirilib.
-Gənc yaşda insanlara süni ürək qoyulması onların ailə həyatında hər hansı bir problem yarada bilərmi?
- Xeyr, heç bir problem yoxdur. Onlar hər kəs kimi ailə qura və övlad sahibi ola bilərlər.
- Həmin şəxslər ağır nəqliyyat qəzaları keçirən zaman nə baş verə bilər?
- Normal insanlara göstərilən ilkin tibbi yardım göstərilməlidir. Qəza anında ilk olaraq cihazın batareyaları yoxlanmalıdır. Əgər çıxıbsa, yerinə taxılmalıdır. Digər bütün proseslər hamı kimi davam etdirilir.