İddialara görə zəncəfil və arı məhsulları xərçəng xəstəliyinin qarşısını xeyli dərəcədə alır
Dünyanın bəlasına çevrilən xərçəng xəstəliyi son illərdə ölkəmizdə də sürətlə geniş yayılmaqdadır. Bu xəstəlik nəinki geniş yayılmağa, artıq gəncləşməyə başlayıb. Ötən il Dövlət Statistikasının yaydığı məlumatdan belə məlum olur ki, ölkəmizdə artıq 13 yaşadək uşaqlar arasında da ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulması halları artıb. Əgər bundan əvvəl gənclərin arasında xərçəngin dinamikasında artım narahatlıq doğururdusa, uşaqlarda da artıq bu xəstəliyin aşkarlanması həyəcan siqnalı verməkdədir. Ekspertlər qeyd edirlər ki, xərçəng xəstəliyinin artması və "cavanlaşması” əsasən bölgələrdə daha çox rast gəlinir. Xəstəlik əsasən uşaqlarda tənəffüs yollarında, qadınlarda mədədə və süd vəzilərində, kişilərdə isə mədə və ağciyərlərdə aşkar edilir.
Ekspertlər qeyd edir ki, dünyada xərçəngin sürətlə yayılmasına səbəb ətraf mühitin qlobal çirklənməsi, təbii qidaların azalması, smart telefonlardan, internetdən çox istifadədir. Bu bir faktdır ki, indi əksər evlərdə günün 24 saatı evlərdə Wi-Fi işləyir və insanlar 24 saat şüalanmış olurlar. Qeyd olunan faktlarla yanaşı digər amillər də var, məsələn, rəngli içkilər, içərisinə nə qatıldığı bilinməyən kolbasalar və sairə qidalar son nəticədə xərçəng xəstəliyinin artmasına səbəb olur.
Bəs xəstəliyin qarşısını ala bilən, önləyici vasitələr varmı?
Bütün dünyada, eləcə də ölkəmizdə xərçəng xəstəliyinin qarşısını ala biləcək qidaların olduğu deyilir. Onların arasında yerkökü, zəncəfilin adı çəkilir. Ekspertlər də qeyd edirlər ki, xəstəliyin qarşısını almaq üçün son vaxtlar dünyada, Avropada, o cümlədən Azərbaycanda da zəncəfildən çox istifadə olunur. İddialara görə zəncəfil xərçəng xəstəliyinin qarşısını xeyli dərəcədə alır. O cümlədən immuniteti qaldıran bitki yağlarından çox istifadə etməli, alkoqoldan, siqaretdən imtina etmək lazımdır.
Tanınmış həkim, təbii üsullarla müalicəyə üstünlük verən Seyfəddin Əsəd mövzu ilə bağlı bundan əvvəl "Yeni Müsavat”a açıqlamasında bildirmişdi:
"Arıçılıqla məşğul olan insanlarda xərçəng xəstəliyinə rast gəlinmir. Çünki onların həmişə fiziki işləri var, həm də immunitetləri yüksək olur. Arı zəhəri və arı məhsulları immuniteti gücləndirir. Dünyanın ən uzunömürlü adamları da arıçılarıdır. Arı südü radiasiyanın qarşısını ala bilir. Çində hər il 2 min ton arı südü istehsal olunur ki, onun 500 tonu Yaponiyaya, 500 tonu Almaniyaya ixrac olunur, yerdə qalan 1000 tonunu isə çinlilər özləri istifadə edir”.
Digər iddialara görə isə təbii üsulla yetişdirilən pomidor isə kişilərdə rast gəlinən prostat vəzinin xərçənginə yoluxma riskini azaldır.
Ekspertlər onu da vurğulayır ki, xərçəng xəstəliyinin erkən diaqnostikası xəstələrin sağ qalmasına ciddi təsir göstərir və daha müsbət klinik nəticələr əldə etməyə töhfə verir. Ən çox yayılmış xərçəng xəstəliklərinin, o cümlədən də, yoğun bağırsaq, süd vəzi, prostat vəzi və uşaqlıq boyunu xərçənginin skrininqi üzrə təlimatlar mövcuddur.
Həkim Vaqif Qarayev mövzu ilə bağlı "Yeni Müsavat”a danışıb:
"Bəzən deyirlər ki, hansısa qida, meyvə xəstəliyə çarə ola bilir. Buna inanmayın. Çünki insanda artıq xərçəng hüceyrəsi yaranıbsa uzağı onun çoxalmasının qarşısını almaq, həyatını uzatmaq olar. Niyə yəhudilər xərçəngə çox da tutulmurlar? Çünki onlar vaxtlı-vaxtında, narazılıqları olan kimi həkimə müraciət edirlər. Əgər proses başlayıbsa, onun qarşısını almaq olar. Fərqi yoxdur, böyüklər və kiçiklər profilaktik müayinələrdən keçməlidirlər. Amma ölkəmizdə müayinənin arxasında sığorta olmadığından bəzən maddi imkansızlıqdan insanlar müayinədən qaçırlar. Yəni vaxtında müayinələrə gedilərsə, xərçəngi də vaxtında aşkar etmək mümkün olar. Xərçəng müalicə olunur, amma vaxtında aşkar olunanda. Əks halda xərçəng hüceyrələri bütün bədənə daraşır və müalicəsi mümkünsüz olur.
30 il bundan əvvəl heç təsəvvür edə bilməzdik ki, uşaq onkoloji şöbə açılsın. İnsan olaraq bu insana mənəvi, psixoloji olaraq pis təsir edir. İndi təsəvvür edin ki, bu gün xərçəng xəstəliyi uşaqlar arasında da necə geniş yayılıbsa, Bakıda da artıq uşaq onkoloji şöbəsi yaradılıb. Doğrudur, bu məsələdə genetik faktor əsasdır. Və genetikada bu xəstəlik varsa mütəmadi olaraq müayinə olunmaq lazımdır".