Bərdədə çağırışa gedən təcili yardım maşınına hücum edilib.
Medicina.az APA-ya istinadən xəbər verir ki, Bərdə rayon Təcili Tibbi Yardım Stansiyasının feldşeri Təranə Qasımova bildirib ki, iyunun 12-si səhər saat 08:45-də çağırış əsasında Qaradəmirçi kəndinə gediblər: "Orada onkoloji xəstəlikdən əziyyət çəkən 65 yaşlı Asif Fətəliyevə ağrısıkəsici vurulmalıydı. Maşını saxlayan kimi tanımadığımız orta yaşlı şəxs əlində dəmir parçasıyla üstümüzə hücum etdi. Daha sonra təcili tibbi yardım avtomobilinin şüşələri sındırıldı. Bu zaman mən, digər feldşer Rəfiqə Abdullayeva, sürücü Zaur İbrahimov şüşə parçalarının ətrafa səpələnməsi nəticəsində müxtəlif xəsarətlər almışıq".
T. Qasımovanın sözlərinə görə, çağırış yerində öyrəniblər ki, xəstə A.Fətəliyev dünyasını dəyişib. Onlara hücum edən şəxsin də mərhumun oğlu olduğu güman edilir. T.Qasımova onu da əlavə edib ki, hazırda iş başındadırlar.