ATV-nin aparıcısı, xərçəng xəstəliyindən əziyyət çəkən Zülfiyyə Bayramovanın sosial şəbəkə hesabında yazdığı statusu izləyicilərini kövrəldib.
Medicina.az xəbər verir ki, o, xəstələndikdən sonra insanların ona olan münasibətindən yazıb: "Həyatımın arxada qalan, amma yaddaşımın bir küncündə ömürlük həkk olunmuş 9 ay. Mən bu 9 ayda nələr yaşa(ma)dım? "Bədxassəli şiş var sizdə” deyən həkimin qarşısında əllərimi açıb, "Şükür sənin məsləhətinə, ya Rəbbim” deyəndə, önümdəkinin təəccübündən başladı qeyri-adiliklər. Kimi xəstəliyimin keçici ola biləcəyindən ehtiyatlanıb məndən uzaq gəzdi. Bəzisi sanki indi öləcəkmişəm kimi mənə ürəyi yanıb "Yazıq, nə yaşı var” dedi, elə yanaşdı mənə.
"Bizim bir tanış var, 15 ildi yaşayır, hələ də top kimidir” deyənlər də oldu və bununla sanki ömrümün gələcək 15 ilini sığortalamaq istədi. Məni görüb pıçıldayanların sayı-hesabı olmadı. Nə dediklərini eşitməsəm də, mütləq öləcəyimi müzakirə etdiklərini anladım. Elə bilirsiniz təbəssümümü saxta adlandıranlar tapılmadı? Yoxsa gülüşümü kənara qoyub, gözümdə kədər axtaranlar az oldu? Kimisi gülən şəklimin altında "Əşi, hələ xərçəngdən sağalan olmayıb” deyə ölüm fərmanı verən alın nəqqaşıtək yazılar yazdı. Kimi "Xəstə deyil, özünü reklam edir” dedi... Və sair və ilaxır. Bu hələ yadda qalanlardır.
Azərbaycan sərhəddini keçəndə mənə göstərilən qayğı, Türkiyə sərhədində sərhədçi qızın pasport şəklimə baxıb, "Bu sizmisiniz? Lütfen şapkanızı çıkarın” deməsi, başımı açarkən isə zavallı qızcığazın qeyri-ixtiyari ayağa qalxıb üzr istəməsi içimi paramparça etdi. Bax beləcə özləri də bilmədən, istəmədən qəlbimi qırdılar. Amma mən daim gülümsədim. Ardı var, mütləq olacaq”.