Hazırda xərçəng xəstələrinin müalicəsi istiqamətində dünyada müasir tibbin qarşısında duran başlıca məqsədlərdən biri də xərçəng xəstələrinin qalan ömrünü mümkün qədər ağrısız başa vurmasıdnı təmin etməkdir.
Hətta belə deyim var ki, xərçəngdən ölüm ən xoşbəxt ölümlərdən biridir. Çünki bu insanlar həyatlarının sonuna təxminən nə qədər vaxt qaldığını bilir və onu istədikləri kimi sərf edir, arzularını həyata keçirə bilir. Yəni digər qəfləti ölümlər kimi deyil. Bu isə o halda mümkündür ki, xəstə xərçəng ağrılarını hiss etməsin, ağrılardan evə qapanmasın. Avropada, inkişaf etmiş ölkələrdə bu məsələ uğurla həll olunmaqdadır və xəstələrin ağrılarının müasir metodlarla qarşısını alınması üçün təbii ki, Ağrı mərkəzləri və alqoloqlar məşğul olur.
Medicina.az Bakıda Ağrı mərkəzinin təsisçisi, məşhur alqoloq Zülfiqar Yusifovdan Azərbaycanda xərçəng xəstələrində ağrını azaltmaq və hiss etdirməmək üçün hansı metodların tətbiq olunduğunu soruşdu. Həkim müyyən metodlar barədə məlumat verdi:
"Ağrısızlaşdırma üçün sadə bloklardan tutmuş müxtəlif dərman preparatlarına qədər üsullar var. Müasir yanaşmalardan biri odur ki, xərçəng xəstələrinə təyin olunan ağır, bəzən narkotik təsirli inteksiyaların olunmasını azaltmaq üçün epidural pompalar qoyulur. Bu pompanın içərisində həmin dərmanın doldurulduğu bir yuva-rezervuar var. Bir dəfə pompanı qoyub, dərmanla doldurulur, çox kiçik dozalarla cihaz özü tənzimləyib, epidural sahəyə o dozanı gündəlik özü ötürür və xəstə ağrının nə vaxt gəldiyini belə hiss etmir.
Çiyin nahiyəsinə, döş qəfəsinin ön səthinə qoyulan portlar qoyuruq. Burda məqsəd mümkün qədər venadaxili inyeksiyaları azaltmaq, bəzən xəstələrə
venaya dərman yeritmək mümkün olmadıqda, inyeksiya bu portun içərisinə olunur və ordan magistral damarlarla orqanizmə gedir və ağrını kəsir.
Daha dərin üsullardan biri onurğa beynin stimulyasiyasıdır. Onurğa beyninə implant stimulyatorlar qoyulur, onlar davamlı olaraq həmin onurğa beynini stimulyasiya edir. Müəyyən dövrlərdən bir xəstə kontrol olunur, cihazın batareyası dəyişdirilir, xəstənin gündəlik ağrıkəsici iynələrdən canı qurtarır.
Beləliklə, xəstənin normal həyatına davam etməsinə imkan yaranır, istədiyi yerə gedir, ağrı gələn vaxt dərman, iynə, həkim axtarmır və ümumiyyətlə, heç nə hiss etmir”.
Z. Yusifov bildirdi ki, Bakıda Ağrı mərkəzində port, qalıcı epidural kateterlər qoyulur, implant pompalar da qoymaq da mümkündür. Sadəcə implant pompanı xəstə özü əldə etməlidir, bir qədər bahalıdır. Ümid edirik ki, sığorta təbabəti başlayandan sonra onkoloji xəstələr üçün bu məsələlər həll olunacaq.
HƏKİMLƏ ƏLAQƏ:
050 346 47 72