Bütün dünyada və eləcə də Azərbaycanda onkoloji xəstəliklərlə bağlı ilkin şübhələr olduqda, ilk növbədə onkomarker nümunələri götürülür.
Medicina.az xəbər verir ki, kifayət qədər bahalı sayılan analizlərlə bağlı yeni fikirlər irəli sürülüb. Belə ki, Avropa Onkologiya Birliyi son konfransında onkomarkerlərin aşağı effektli və tam diaqnoz üçün zəif olduğunu bəyan edib.
Konfransda bildirilib ki, 1800 onkomarker analizinin nəticələri 6 ay ciddi araşdırılıb. Sözügedən pasiyentlərdə 3 dəfə edilən onkomarker analizindən sonra cəmi 35 nəfərə qoyulan diaqnoz təsdiqlənib. Bu isə 2 % edir. Sonradan 1800 nəfərin 297-sində onkoloji xəstəlik aşkarlanıb. Bu isə 35% deməkdir.
Araşdırmalar zamanı məlum olub ki, hər il bütün ölkələrin özəl və dövlət səhiyyə sistemi onkomarker analizləri üçün avadanlıq və maddələrə milyonlarla dollar vəsait xərcləyir. Lakin bu xərc boşuna itkidən başqa bir şey deyil. Həm həkimləri yanıldır, həm pasiyentlərə maddi və mənəvi zərbə vurur. Lakin Dünya Onkologiya Birliyi bu gün onkoloji skrininq və onkomarkerlərdən imtina etməyə hazır deyil. Statistika göstərir ki, skrininq nə xəstəliyin diaqnozunda, nə müalicələrdə, nə xəstəlikdən ölənlərin statistik rəqəmlərinə ciddi təsir göstərmir. Amma hələ də həkimlər bu metodlara ilk olaraq müraciət edir və buna sanki məcburmuş kimi davranır. Halbuki digər kliniki göstəricilərə daha diqqətlə yanaşıb erkən diaqnoza nail olmaq olar.