Ekspert: “Plastik əməliyyatlar hələ sovet dövründə var idi, amma...”
Bineyi-qədimdən zərif cinsin nümayəndələri daha gözəl görünmək üçün ən müxtəlif üsullara və çarələrə baş vurublar. Xüsusən də müəyyən yaşdan sonra. Bəzən bu cəhdlər tamamən əks-nəticə versə də.
Bu arada müğənni İlahə Fəda sosial şəbəkədə diqqətçəkən video paylaşıb. Videoda o, sosial şəbəkədə qocalması haqqındakı iradlara maraqlı reaksiya verib.
İlahə Fəda deyib: “Məni yıxıb sürüdülər ki, bu niyə qocalıb? Nə günə düşüb. Başa düşə bilmirəm ki, nə gündə olmalıyam? 50 yaşım var. Necə olmalıyam. Bu qırışlar tək məndədirmi?! 50 yaşlı insanda qırış olar. Bilmirəm bəlkə onlar öyrəşiblər ki, müğənni dodaqları, yanaqlarını şişirtsin, saçında ağ olmasın. Mən yalançı olmaq və məni sevənləri aldatmaq istəmirəm. Həyatda da, səhnədə də beləyəm. Səhnəyə çıxanda yüngülvari makiyaj ola bilər. Məni sevənlər də belə tanısınlar. Mən özümü çox rahat hiss edirəm. Düşünürəm ki, siz də sevdiyiniz sənət adamının tam real halını görmək istəyərsiniz. Mən beləyəm və düşünmürəm ki, nə vaxtsa alnımdakı qırışı aradan qaldıracam. Xeyr, o qırışların hamısını mən qazanmışam”.
İlahə Fəda iradlarında haqlıdırmı? Ümumiyyətlə, insanlar, xüsusən də xanımlar müəyyən yaşdan sonra niyə olduqları kimi görünmək istəmir, müxtəlif prosedurlar, bəzən hətta həyat üçün təhlükəli plastik əməliyyatlarla “başqalaşmağa” çalışırlar? Hərçənd məlumdur ki, nənələrimizin belə kompleksi olmayıb.
Bu kompleksdən qurtulmaq mümkündürmü?
Qeyd edək ki, hələ qədim dövrlərdə sinə və çanaq hissəsi böyük olanlar, həmçinin “balıq ətli” kimi təqdim edilənlər gözəl qadın hesab edilirdi. XII-XIII əsrlərdə ağdərili və ortaçəkili qadınlar gözəl hesab edilirdisə, renessans (intibah) dövründə bu standartlar kiçik sinə və daha dolu görüntü ilə əvəz olundu. Çiçək xəstəliyi yayıldıqdan sonra isə qadınlar makiyaj istifadə etməyə başladılar. XIX əsr Viktoriya dövründə qadınların korset istifadə etməsindən sonra incə belli olmaq dəbə mindi. Zaman keçdikcə isə qadınlar daha gözəl və gənc görünmək üçün müəyyən prosedurlara, cərrahi əməliyyatlara üstünlük verməyə başladı.
Psixoloqlar deyir ki, estetik əməliyyata müraciət edənlər əsasən, xarici görünüşündən narazı olan insanlardır. Bu insanlar komplekslərindən azad olmaq, özlərinə güvənini bərpa etmək, ünsiyyətlərində rahatlıq yaratmaq və bəzən də hansısa tanınmış şəxsə, yaxud seçilmiş bir insana bənzəmək üçün əməliyyata baş vururlar. Aparılan araşdırmalar göstərir ki, insanlar estetik əməliyyat etməzdən öncə psixoloji dəyərləndirmədən keçməlidirlər. Çünki şəxslərin həyatları üçün alacaqları önəmli qərarları doğru və sağlam şəkildə analiz edə bilməsi üçün mental sağlamlıq önəmli faktordur.
Mövzu ilə bağlı psixoloq Azad İsazadə “Yeni Müsavat”a danışıb:
“Bu, yeni bir trend deyil. Xanımlar həmişə daha yaxşı görünmək istəyib. Sadəcə plastik əməliyyatlara qədər xanımlar müxtəlif təbii üsullar, proseduralar, kosmetik ləvazimatlarla daha cavan qalmağa çalışıblar. Və hesab edirəm ki, xanımların daha gözəl və daha gənc görünmək istəməsi normal haldır.
Lakin problem ondadır ki, bəzi qadınlar plastik əməliyyat keçirəndən sonra istədiyi nəticəni ala bilmir, buna görə sonradan depressiyaya düşür, hətta yeni əməliyyatlara girir.
Məlum olduğu kimi plastik əməliyyatlar hələ sovet dövründə var idi və həmin vaxt insanlar daha primitiv, daha cüzi əməliyyatlar edirdi. Amma əməliyyata girməzdən əvvəl psixoloji vəziyyətinin sağlam olub-olmaması ilə əlaqədar psixiatrdan arayış alırdı. Təəssüf ki, indi bu məsələyə diqqət edən yoxdur. Psixiatr da olmasa, heç olmasa psixoloq rəyi olmalıdır".