“Düşünürəm ki, Qarabağ uğrunda vətən müharibəsi bitdikdən sonra xalqımız Paşinyan - Makron - Kardaşyan triosuna çox təşəkkür edəcək. Ermənistanın hazırkı dövlət başçısı Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm şüarı, sülh prosesini tənzimləməli olan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi Fransanın Prezidenti Makronun isə “Qarabağın “yenidən” “ələ keçirilməsini” qəbul etməyəcəyik!” kimi səbatsız bəyanatı, ABŞ-da yaşayan erməni əsilli qədim peşə ustası Kim Kardaşyanın mənbəsi göstərilməyən paylaşımları hər şeyi çılpaqlığı ilə ortaya qoydu”.
Medicina.az xəbər verir ki, bu sözləri millət vəkili Rəşad Mahmudov deyib.
O qeyd edib ki, bu trio sayəsində 27 illik bir çox şübhəli məsələ bizə və dünya ictimaiyyətinə öz çılpaqlığı ilə məlum olub:
“Birincisi, beynəlxalq təşkilatların qərəzli mövqeyi; ikincisi, Ermənistanın hərbi siyasi rəhbərliyinin riyakarlığı və bacarıqsızlığı; üçüncüsü, erməni xislətinin mənbəyi bəlli olmayan yalanları dünyaya yayma məharətinin iç üzü üzə çıxdı.
Bizim haqq işimizi öz qərəzli niyyətlərinə və ehtiraslarına bürüyən Makron kimilər bir daha dünyaya sübut edir ki, onların ədalətdən, həqiqətdən, siyasətdən və sülhdən başqa hər şeydən başları çıxır. Amma bizə də məlum oldu ki, onların pozuculuq və səbatsız əməlləri heç vaxt Azərbaycanı öz torpaqlarını işğaldan azad etməkdən çəkindirməyəcək. Bizim yolumuz haqq yoludur, bizim yolumuz Vətənin müdafiəsi yoludur!
Biz Qarabağ uğrunda vətən müharibəsi aparırıq və ölkəmizin qüdrətli ordusu Ali Baş Komandanımızın rəhbərliyi altında öz şərəfli missiyasını həyata keçirir. Bizi bu cür səbatsız bəyanatlar qorxuda bilməz. Otuz ildir bu problemi çözə bilməyən ATƏT-in Minsk qrupunun, habelə bir çox beynəlxalq təşkilatın səmərəsiz fəaliyyəti bir daha onu göstərir ki, belə qurumların arxasında məhz makronlar, paşinyanlar kimi səbatsız siyasətçilər dayanıbmış.
Ermənistanın hərbi-siyasi hakimiyyətinin müharibə vəziyyətində ortaya qoyduğu münasibət, eləcə də hər zaman bizə çox tanış olan, amma dünya ictimaiyyətinin fikrini çaşdırmaqla, öz milli kimliklərinə və əxlaqlarına uyğun şəkildə yalan və böhtanlara əl atan kardaşyanlar kimi erməni xisləti bizim gözlədiyimiz reallıq idi. Nikol Paşinyanın hakimiyyətə gəldikdən sonra qısa müddət içərisində əvvəlcə özünü liberal-demokrat kimi göstərməsi, daha sonra isə Qarabağ məsələsində əsl şovinist simasını, başqa millətlərə qarşı dözümsüz, amansız və qatı millətçilik düşüncələrini ortaya qoyması faktları bizim uzun illər ərzində Ermənistan hökumətindən və xalqından gözlədiyimiz dinc yolun birmənalı mənasız və faydasız olduğunu sübut etdi.
Nəticədə bizim səbir kasamız doldu və anladıq ki, bu məsələni danışıqlar yoluyla həll etməyin və uzatmağın mənası yoxdur. Bunun yalnız bir yolu var- işğalçıyla güc yolu ilə danışmaq və onu cəzalandırmaq”.
Rəşad Mahmudov hesab edir ki, müharibə yolu paşinyanların və onların havadarlarının maskalanmış simalarını ortaya qoydu:
“Bizi silaha vadar edən amillərdən biri də məhz belə səbatsız liderin, eləcə də onun həyat yoldaşının silaha sarılmaq kimi məsuliyyətsizcəsinə ortaya qoya bildikləri reallıqlar oldu. Mən əminliklə deyirəm: gün gələcək ki, biz məlum qonşu dövlətin başında duran bu səbatsız və miskin adama bəlkə də təşəkkür edəcəyik ki, nə yaxşı sən gəldin hakimiyyətə. Nə yaxşı ki, sən gəlib öz xalqını məhvə doğru sürüklədin.
Makrona gəlincə, deməliyəm ki, 90-cı illərdə ermənilər bizim xalqın başına gətirdiyi faciələr zamanı o uşaq idi, bəlkə də heç ağlı da kəsmirdi. Onun Xocalıda yaşananlardan xəbəri də yox idi və olsa da, bu müsibəti hiss edə bilməzdi. Makron son illərin siyasətçisidir və onun belə səbatsız və düşüncəsiz bəyanatı əslində başa düşüləndir. Adamın təcrübəsi yoxdur, təsir altına, xüsusilə erməni lobbisinin təsiri altına düşməsi də anlaşılandır və şəksizdir. Lakin o, unutmamalıdır ki, Fransa kimi qədim dövlətçilik ənənələri olan böyük bir ölkənin başçısıdır. Sözü ağzında bişirib çıxarmalıdır. Yaxşı olar ki, diplomatik dil və danışıq mədəniyyətini bizim gənc, müstəqil dövlətimizin təcrübəli başçısı İlham Əliyevdən öyrənsin.
Təkrar edirəm: bütün bu sərsəm bəyanatlar bizi yolumuzdan döndərə bilməz. Müharibə Azərbaycan ərazisində gedir və biz torpaqlarımıza təcavüz etmiş düşmənlə vuruşuruq. Əgər kimsə xaricdən müdaxilə etmək barədə düşünürsə, çox yanılır. Bu, nə ona, nə də İrəvana fayda gətirəcək, əksinə, özləri yanacaqlar.
Bu günlər nə qədər çətin, nə qədər məsuliyyətli günlər olsa da, tarixi günlərdir! Bizim Şanlı Ordumuz tarix yazır – şərəfli tarix. Buna qəlbən inanırıq. Biz Şanlı Ordumuza, onun Ali Baş Komandanına inanırıq. Tarix dəfələrlə sübut edib, o yerdə ki xalqla ordu və Ali Baş Komandanın sarsılmaz birliyi var, o yerdə zəfər, qələbə, uğur var”.