Xalları qanatma, qopartma, yoxsa şişə çevrilər qorxusu çoxdan var. Xalları qopartmaq dəri xərçənginə səbəb olurmu?
“Medicina” xəbər verir ki, onkoloq Suna İsakova xallarda melanoma riski barədə danışıb.
“Hazırda xalların zədələnməsinin birbaşa, 100% melanomaya çevriləcəyi barədə elmi, tibbi sübut yoxdur. Analoji olaraq, xalın üstündə çıxan tükləri qopartmaq da xərçəngə səbəb olmur.
Ümumiyyətlə, bir xalın xərçəngə çevrilmə riski yüksək deyil, 90% hallarda dəri xərçəngi özü ayrılıqda yaranır.
Sadəcə, bir çox şişlər xala oxşadığı üçün insanlar xal idi, sonra xərçəng oldu deyə düşünür.
Dəri xərçəngini assimmetrik forması, sərhədləri, tünd rəngi, tez böyüməsi ilə tanımaq olar.
Əvvəldən mövcud xallarda istənilən dəyişiklik zamanı dermatoloq və ya onkoloqa müraciət etmək lazımdır.
Xalların bədxassəliyə çevrilməsinin qarşısını almaq üçün ilboyu o hissəyə SPF krem çəkib, qorumaq lazımdır. Bədənində iri xalları olanlar solyariyə getməməlidir.
Xalların çıxarılması isə dermatoloq tərəfindən aparılmalıdır. Bədənin 5% hissəsini əhatə edən, nəhəng xallar istisnadır”.
Aygün Musayeva