Orqanizmdə vitamin D-nin yüksək səviyyəsi pasiyentlərdə ağır yanıqlardan sonra bərpa olunmanı daha da sürətləndirir.
Medicina.az publika.az-a istinadən bildirir ki, belə nəticəyə Böyük Britaniyanın Birmingem İltihab və Qocalma İnstitutunun alimləri gəliblər.
Yanıqlardan zərər çəkmiş insanlar müxtəlif infeksiyalara yoluxmaya meyilli olurlar. Çoxdan məlumdur ki, vitamin D antibakterial təsirə malikdir, buna görə alimlər fərz edirlər ki, o yanıqların daha tez sağalmasına imkan yarada bilər.
Bu fərziyyəni yoxlamaq üçün mütəxəssislər 1 il boyunca ağır yanıqları olan pasiyentlərdə bərpa prosesinin gedişatını təqib ediblər və prosesi orqanizmdə vitamin D-nin səviyyəsilə əlaqələndiriblər. Aydın olub ki, vitamin D-nin yüksək səviyyəsi olan xəstələrdə yaraların sağalması daha müvəffəqiyyətlə baş verir.
Bununla yanaşı aydınlaşdı ki, yanıqlar orqanizmdə vitamin D-nin səviyyəsini kəskin azaldır. "Buna görə də, faktiki olaraq, travmanın alınmasından dərhal sonra bu maddənin qəbulu pasiyentə sağalmağa daha çox şans verəcək”, - hesabatda deyilir.