Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Virusun ən kritik dönəmindəyik" - TƏBİB rəsmisi

  • 2020.10.24 12:54
  • 5823 Baxış
"Virusun ən kritik dönəmindəyik" -  TƏBİB rəsmisi

"Düşünürəm ki, bəzi sərt addımlar atılmalıdır. İnsan təmasını minimuma endirmək lazımdır".

Bunu Qaynarinfo-ya açıqlamasında TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesusun "Növbəti bir neçə ay çox çətin olacaq və bəzi ölkələr təhlükəli trayektoriyadadır” fikrini şərh edərkən deyib.

O bildirib ki, Operativ Qərargah tərəfindən monitorinqlər aparılıb və addımlar atılmalıdır:

"Havaların soyuması ilə bağlı infeksiyanın artması məsələsinə ciddi yanaşmaq lazımdır. Vaxt söylənilməsə belə, düşünürəm ki, bir neçə ay bizi çətinliklər gözləyir. Çox diqqətli olmalıyıq. Xüsusən də payız aylarındayıq və qışa doğru gedirik. Hələ ki, kəskin artım müşahidə olunur. Deyərdim ki, virusun ən kritik dönəmindəyik".

Vasif Əliyev qeyd edib ki, Azərbaycanı çətin günlər gözləyir:

"Bu, nə qədər davam edəcək bilmirik. Hansı formada artım olacaq, o da bəlli deyil. Virus daha da yuksəlməyə də doğru gedə bilər. Bir sıra rayonlara giriş-çıxışa məhdudiyyətlər qoyulub, məktəblər, metro bağlanılıb. Azərbaycan həm də müharibə şəraitindədir. Həm ön, həm də arxa cəbhədə müharibə gedir. Cəbhə zonalarımızı virusdan qorumalıyıq".

TƏBİB rəsmisi hesab edir ki, bütün bunlar onu deməyə əsas verir ki, insanlar koronavirusu arxa plana atıb:

"Ancaq bu, belə olmamalıydı. Koronavirus artmağa doğru gedir və aktuallığını itirməyib. İnsanların həyatı üçün hələ də təhlükə var".

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus Cenevrədəki brinfinqdə koronavirus pandemiyası ilə bağlı vəziyyəti şərh edib və çətin günlərin qabaqda olduğunu vurğulayıb.