Zülfüqar Yusifov: “Tətbiq olunan vaksinlərin virusun yeni ştamına qarşı nə dərəcədə təsirli olacağı bilinmir”
“Böyük Britaniyada meydana gələn yeni ştamm daha sürətlə yayılır. Bu varianta bir çox ölkələrdə, o cümlədən Türkiyədə rast gəlinib. Yeni ştammın Azərbaycana gəlməməsi mümkün deyil”. Bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib. H.Harmancı qeyd edib ki, bu minvalla virusun yeni ştammı Azərbaycana da gələcək və yoluxma sayı sürətlə artacaq: “Virusun bu ştammı mütləq Azərbaycana da gələcək. Bu da sürətli yoluxduran bir ştamm olduğu üçün yoluxma sayında yenidən artım görəcəyik”.
Hande Harmancı daha bir məsələ haqqında da açıqlama verib. O qeyd edib ki, ölkəyə fərqli peyvəndlərin də gətirilməsi müzakirə mövzusudur. Bununla da Azərbaycan müəyyən miqdarda Pfizer/BioNTech peyvəndi də alacaq: “Hazırda Azərbaycanda Sinovac peyvəndi tətbiq olunur. Azərbaycan da digər ölkələr kimi mümkün olduğu qədər çox peyvəndi qısa vaxtda ölkəyə gətirib tətbiq etmək istəyir. Bunun üçün işlər davam edir”.
H.Harmancı qeyd edib ki, indiyə qədər ölkələrdə aparılan araşdırmalar zamanı adıçəkilən peyvəndlə bağlı hər hansı ciddi yan təsir aşkarlanmayıb: “Amma yenə də izləmək, diqqət etmək lazımdır. Çünki klinik sınaqlar daha az sayda insan üzərində həyata keçirilir. Üçüncü faza sınaqlar 10 minlərlə insan üzərində yoxlanılır. 10 milyonlarla insan üzərində sınaqlar aparıldığı zaman daha fərqli nəticələr ortaya çıxa biləcəyi üçün daha diqqətlə izləmək lazımdır. İndiyə qədər hər hansı təhlükəli, ciddi, ağır yan təsirə rast gəlinməyib”.
Beləliklə, ÜST rəsmisinin bu açıqlamaları xeyli suallar ortaya qoyub. Böyük Britaniyada meydana gələn virusun yeni ştammının Azərbaycanda yayılma ehtimalı nə qədərdir? Vaksinlər yeni ştamma qarşı nə qədər təsirlidir? Azərbaycanın müəyyən miqdarda alacağı Pfizer/BioNTech peyvəndləri kimlərə tətbiq olunacaq? Hande Harmancı Pfizer/BioNTech peyvəndlərinin ölkələrdə hər hansı ciddi yan təsiri olmadığını desə də, bir çox ölkələrdə, o cümlədən İsraildə onun fəsadları ilə bağlı məlumatlar yayılır. Təkcə ötən həftə İsraildə adıçəkilən peyvənd vurduran 13 nəfərin iflic olduğu məlumdur. Eləcə də ABŞ-da, Avropada peyvənddən sonra virusa yoluxma, ölüm halları ilə bağlı faktlar var.
Məsələ ilə bağlı “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov “Yeni Müsavat”a danışıb: “Əlbəttə ki, yeni ştamm İngiltərədən başlayaraq çoxlu sayda ölkələrdə sürətlə yayılmağa başlayıb. Hande Harmancı da qeyd edib ki, bu ştammın ölkəmizdə də yayılması ehtimalı var. Əlbəttə ki, bu baş verə bilər, çünki virus sərhəd tanımır. Biz həkimlər bu səbəbdən hər zaman qeyd edirik ki, vaksinasiya prosesləri başladılsa da, koronavirusla bağlı bütün tədbirlərə ciddi şəkildə əməl etmək lazımdır. Bəli, Azərbaycanda da virusun yeni ştammının sürətlə yayılması ehtimalı var”.
Zülfüqar Yusifov Azərbaycanın müəyyən miqdarda alacağı Pfizer/BioNTech peyvəndlərindən də danışıb: “Adıçəkilən vaksinlər daha çox zülal mənşəli vaksinlərdir. Burada zəiflədilmiş vaksinlərdə xəstəliyə səbəb olmadan çoxala bilən zəifləmiş virus formasından istifadə edilir. Bununla da bu vaksinlərin müəyyən daha çox alleqorik olduğu haqda məlumatlar var. İnaktiv peyvəndlərin isə daha çox xəstəlik yaratmaq ehtimalı var. Çünki bu peyvəndlərdə genetik materialları məhv edildiyinə görə çoxala bilməyən, lakin immunitetin reaksiyasına səbəb ola bilən viruslardan istifadə olunur. Yəni az hallarda olsa belə, bu cür faktlar var. Sadəcə, Pfizer/BioNTech peyvəndlərinin saxlanılması ilə bağlı çətinliklər var. Bildiyiniz kimi, bu vaksinlər xüsusi soyuducularda, mənfi 70 dərəcədə saxlanılmalıdır. Görünür ki, artıq bununla bağlı ölkəmizdə müəyyən şərait yaradılıb.
Pfizer/BioNTech peyvəndləri haqda onu qeyd edə bilərəm ki, onu istehsal edən şirkət dünyada çox nüfuzlu, güvənilən şirkətdir. Bu baxımdan bütün dünyada bu şirkətin hazırladığı vaksinə şüuraltı da güvən var. Lakin bir daha qeyd edirəm ki, hansı vaksinin daha yaxşı olduğunu demək üçün ən azı altı ay gözləməliyik. Beləliklə, onların nə dərəcədə effektli, hansı yan təsirlərə malik olacağı gələcəkdə ortaya çıxacaq".
“Tətbiq olunan vaksinlər virusun yeni ştamına qarşı nə dərəcədə təsirli ola biləcək” sualımıza isə baş həkim bu cür cavab verdi: “Bu haqda da dəqiq fikir söyləmək mümkün deyil. Çünki virusun ortaya çıxan yeni ştammı haqqında çox az məlumat var. Məlum olduğu kimi, istehsal olunan vaksinlər virusun əvvəlki ştammı üçün nəzərdə tutulmuşdu. Hər halda, düşünürəm ki, virusun bu ştammları arasında ümumi oxşarlıq var. Bu baxımdan hesab edirəm ki, tətbiq edilən peyvəndlər yeni ştammlar üçün də təsirli ola biləcək”.
Pfizer/BioNTech peyvəndlərinin ölkədə kimlərə tətbiq olunacağı məsələsinə gəldikdə isə TƏBİB-dən “Yeni Müsavat”ın sorğusuna cavab olaraq bildirilib: “Hələ ki ilkin mərhələdə seçim imkanları məhdud olsa da, gələcəkdə vaksinin namizədlərinin sayı artacaq. Vətəndaşın yaşadığı ölkədə aparılan vaksinasiyada hər hansı digər vaksindən istifadəsi gələcəkdə mümkün olacaq. Əsas vətəndaşlarımızın sağlamlığının qorunması üçün düzgün vaksinasiyanın aparılmasıdır”./Musavat.com