Azərbaycana qonşu ölkələrdə – Türkiyədə və Rusiyada quşçuluq təsərrüfatlarında xəstəliklər, təhlükəli bakteriyalar aşkarlanıb. Belə ki, Türkiyənin Mardin vilayətində "quş qripi” aşkarlanıb. İlin əvvəlində isə Rusiyanın Kostroma vilayətində bu xəstəlik qeydə alınmışdı. Hətta Belarus oradan quş əti idxalını dayandırdığını bəyan etmişdi. Bu azmış kimi, "Roskontrol” Rusiyanın altı quşçuluq brendində apardığı yoxlama nəticəsində broyler təsərrüfatlarında antibiotiklərdən, təhlükəli bakteriyalardan, eləcə də, məhsulun çəkisini artıran maddələrdən istifadə edildiyini aşkara çıxarmışdı.
Məlum olub ki, "Petelinka”, "Rjevskoe podvorie”, "Miratoqr”, "Yasnıe zori”, "To çto nado!”, "Kajdıty den” quşçuluq brendlərində təhlükəli viruslar var. Nəzərə alsaq ki, Rusiya və Türkiyə məhsulların Azərbaycanın qida sənayesində mühüm yer tutur, quş ətlərində aşkarlanan viruslar yerli bazara da ayaq aça bilər.
Onu da qeyd edək ki, 2016-cı ilin statistikasına görə, ölkəyə 24 435,4 ton quş əti və onun əlavə məhsulları idxal edilib. 2015-ci ildə bu rəqəm 7 372,7 ton olub. 2017-ci ilin yanvar-noyabr ayına olan gömrük statistikasına görə isə quş əti və onun əlavə məhsulları bir əvvəlki illə müqayisədə 2,2 faiz çoxalıb. Göründüyü kimi, idxal artıb. Azərbaycan qida məhsullarını, əsasən, Türkiyə və Rusiyadan alır.
Medicina.az xəbər verir ki, Azərbaycan Quşçular Cəmiyyətinin (AQC) sədri Aydın Vəliyev oxu.az-a açıqlamasında bildirdi ki, Rusiyadan Azərbaycana quş əti idxal edilmir. Ümumiyyətlə, hər iki ölkənin quşçuluq təsərrüfatlarında müşahidə edilən problemlərin yerli bazara təsiri olmayacaq. O ki qaldı yerli broyler təsərrüfatlarında antibiotiklərdən, təhlükəli bakteriyalardan, eləcə də, məhsulun çəkisini artıran maddələrdən istifadə edilməsinə, A.Vəliyev bunları inkar edir:
"Bizdə toyuqların çəkisi 1 kiloqram 200 qram olub. Çəkinin artırılması o toyuqlarda müşahidə edilir ki, onların çəkisi 3 kiloqramdır”.
A.Vəliyev yerli təsərrüfatların hormonal pereparatların adlarını belə bilmədikləri fikrini irəli sürür.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəlinin dediyinə görə, Türkiyə mətbuatında xəstəliklə bağlı xəbərlər yayılsa da, Ümumdünya Heyvan Sağlamlıq Təşkilatı və Türkiyə rəsmi orqanları tərəfindən Azərbaycana məlumat verilməyib:
"Buna baxmayaraq, məsələni diqqətdə saxlamışıq”.
O, Azərbaycanın Mardin vilayətindən diri quş, quş əti və quşçuluq məhsulları almadığını da söyləyib:
"Hazırda Azərbaycan quşçuluq məhsullarını epizootik vəziyyətin sabit olduğu ərazilərdən - Türkiyənin İstanbul zonasından, Rusiyadan, Gürcüstandan və Ukraynadan idxal edir. Xidmət rəsmisi ötən ilin mart-aprel aylarında Moskva və Moskvaətrafı vilayətdə "quş qripi”nin aşkarlanması ilə əlaqədar Azərbaycanın həmin vaxtdan bu ərazidən quş əti və quş əti məhsullarının idxalına müvəqqəti qadağa qoyduğunu da xatırladıb.
Y.Xanvəli Azərbaycanda epizootik vəziyyətin normal olduğunu deyib.