Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Viruslar insandan daha ağıllı və hiyləgərdir - Bizi necə aldadır?

  • 2020.03.31 17:21
  • 5586 Baxış
Viruslar insandan daha ağıllı və hiyləgərdir  - Bizi necə aldadır?

Yazılanlar elmi fantastika janrına yaxın olsa da, reallıq və tibbi sübut olunub. Hər bir virus düşündüyümüzdən də ağıllı, hiyləgər və insan düşüncəsinə, davranışına belə təsir etmək qabiliyyətinə malikdir.

Medicina.az virusların davranışı və insan üzərində çox hallarda qalib olmasının bəzi sirlərini araşdırıb.


Mikroskop altında görünən bu virus ailələri çoxalmaq, yaşamaq üçün çarpışır və bunun üçün hər şeyi edirlər. Onlar insanların adi qəbul etdikləri və təhlükəli hesab etmədikləri yollarla hərəkət edirlər.

Məsələn, burnumuz tutulur, asqırırıq və insan bunu tamamilə normal bir fizioloji proses hesab edir. Hətta sağlam insan da asqıra bilər, burda qorxulu nə var? Nə olsun ki, ağız suyu ətrafa sıçradı? Çoxları heç asqırıq suyundan iyrənmir də. Bəs virus hardan bilir ki, insan asqırığa fikir verməyəcək? Virus elə bu yolu da tutur: asqırıqla bir orqanizmdən digər insana keçir, orda məskən salır və çoxalır.

Həmçinin qarın ağrısı, diareya. "Ola bilər yeməyimi qarışdırmışam, soyuq olub" kimi düşüncələr gəlir, bircə virus heç kimin ağlına gəlmir. Virus üçün bu yol da əladır: tualetdə fekal yolla yayılır. Yəni kütləvi tualetlərdə.

Əslinə qalanda bu gözəgörünməz orqanizmlər genetik informasiya paketidir. Onların yeganə məqsədi yer üzündən silinməmək, var olmaq üçün hansı yolla olur olsun, canlı orqanizmin hüceyrələrinə yol tapmaqdır.

Viruslar təkcə insan orqanizminə yox, heyvan, bitki, hətta bakteriyaların da içinə daxil olur.
Düzdür, virusoloqlar deyir ki, virusların beyni, ağlı, şüuru yoxdur, lakin eyni zamanda onların fövqəladə bacarıq, hətta alimləri azdıracaq hiyləgərliklərinə heyran qalırlar.

Ağlı olmayan varlıq insan hüceyrəsi kimi mürəkkəb mexanizmin içinə daxil olmağı bacarmaz və hüceyrəni özünə ram edib, surətini çıxarmaz. Yəni viruslar hüceyrənin quruluşunu, davranışını dəyişir. Bununla da insanın davranışına, düşüncəsinə belə təsir edə bilər.

Bu barədə "Plos" elmi dərgisində çıxmış maraqlı tədqiqatı xatırlayaq. Elmi araşdırmada hər il 600 min uşağın həyatını məhv edən rotavirus infeksiyası tədqiq olunub.

Virus xəstəliyinin simptomu qusma, qarın ağrısı, ishaldır. Hesab edilir ki, qusma, ürəkbulanma, diareya orqanizmin virusdan müdafiə mexanizmidir, guya bununla o virusu bədəndən çıxarmağa çalışır.

Qusma zamanı bağırsaqla beyin arasında siqnal yaranır, beyin pis qida, zəhərli qida, təhlükəli elementi çölə çıxarmaq əmri verir. Hasil olan serotonin sinir sistemini aktivləşdirir, beyindən ötürülən siqnalları bağırsaq, mədə icra edir.

Bu araşdırmada İsveç alimləri sübut ediblər ki, rotarovirus özü bu mexanizmə nəzarət edib yaradıb ki, insan qusuntusu və ifrazatı ilə daha çox insanı yoluxdursun. Beləliklə, virusların insan davranışlarını idarə etdiyi və ya bundan da öz məqsədləri üçün istifadə etdiyi məlum olub. Ona görə, elm və tibb virus qarşısında çox zaman aciz qalır və insan orqanizmi viruslara təslim olur. Bunu isə ağılsız və beyinsiz varlıq edə bilməz.