Mövsümlə əlaqədar yayılmış kəskin respirator viruslar zamanı müxtəlif dərmanlardan və antibiotiklərdən istifadə edilir. Bu dərmanlardan biri, xüsusilə keçən il yayılmış qış infeksiyaları zamanı istifadə olunan və effektli hesab edilən “Tameflu”dur. Hətta ötən il, bu dərman müxtəlif ölkələrdə ehtiyat kimi toplanılıb, qonşu Gürcüstanda isə əhaliyə pulsuz verilirdi. Bəs hazırda yayılmış viruslara qarşı bu preparat nə dərəcədə effektlidir?
Məsələ ilə bağlı, professor Adil Qeybulla Medicina.az-a açıqlama verib:
“Korona virusu ilə bağlı ümumiyyətlə konkret bir preparat yoxdur. Hətta vaksini belə yoxdur. Bu virus qripin daha kəskinləşmiş bir növüdür və əsasən heyvanlardan insanlara keçir.Ümumdünya Səhiyyə Təşkilatı ona koronovirus (2019-nCoV) adını verib. Bu virus tez müddətdə pnevmaniya və ağırlaşmaya gətirib çıxaran infeksiyadır. Hələlik bu virusun çarəsi yoxdur, demək düzgün olar. Sadəcə olaraq immun möhkəmləndirici tədbirlər: yataq rejimi, maye qəbulu və s. kimi ümumi tədbirlər görülür.
Soyuqdəymə zamanı konkret tədbirlər spesifik deyil. İmmun sistemi möhkəmləndirmək, temperaturu endirməklə qarşısını almaq olar. Əgər müəyyən ağırlaşmalar müşahidə olunursa, həkimlər adətən parasetamol təyin edirlər. Parasetamol dünyanın hər yerində soyuqdəymə zamanı istifadə edilən əsas dərmandır. Bununla yanaşı lazım olarsa, antibiotiklər də təyin olunur. Tameflu, qriphot və s. bu kimi dərmanlar da parasetamolla yanaşı şəkildə istifadə edilə bilər”.
Afaq Rza