"Mən artıq pandemiya ilə bağlı qarşıdakı həftələrdə, aylarda olan gözləntilərlə bağlı deyilənləri yox, gözümlə gördüklərim barədə danışa bilərəm. Hazırda vəziyyət çox pisdir. Virus mutasiya olub, dərmanlara tabe olmur. COVİD-in indiki ştamı tez ağciyərə nüfuz edir. Bu virus ağciyərə keçdikdən sonra buzlaşmanın sürətlə artmasının şahidi oluruq.
Medicina.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında həkim-infeksionist İlhamə Abbasova deyib.
Mütəxəssis bildirib ki, virus mutasiyaya uğradıqca get-gedə daha da ağırlaşır, dərmanlara tabe olmur:
Şəkərli xəstələrdə son mutasiyadan sonra ağırlaşma daha sürətlidir. Yeni ştam şəkəri yüksəldir. Düzdür bu, əvvəldən də belə idi, amma indi daha da ağırlaşır, proses daha sürətlə baş verir.
Bir ara tez-tez deyirdilər ki, "virusa uyğunlaşacağıq, bu virusla yaşayacağıq, adi bir qrip kimi olacaq". Amma mən heç də elə bir şeylərə ümid etmirəm və belə bir gələcək görmürəm. Virus mutasiyaya uğradıqca get-gedə daha da ağırlaşır, müalicələrə, dərmanlara tabe olmur.
Dekabrda pandemiyanın hansı səviyyədə olacağını, epidemioloji durumun necə olacağını deyə bilmərəm, mən falçı deyiləm. Ancaq müşahidələrimə əsasən görürəm ki, yaxşı olmayacaq, ölüm sayı çox olacaq".