Erektil disfunksiyanı aradan qaldırmaq üçün istifadə olunan Viaqra tipli preparatlar qrip vaksini ilə birgə tətbiq olunduqda, metastazın yayılmasının qarşısını ala bilər.
Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, bu haqda Oncolmunology elmi jurnalında dərc olunub.
Xərçəng xəstələrində əməliyyatdan sonra metastazın baş verməməsi üçün məhz bu iki preparat immunitetə yaxşı təsir göstərir.
Məlumdur ki, xərçəng şişlərini əməliyyat etdikdən sonra hüceyrələr orqanizmdə daha sürətlə yayıla bilər. Bu ona görə baş verir ki, əməliyyat zamanı immunitetin killer hüceyrələri digər supresspr hüceyrələr tərəfindən blokadaya alınır.
Alimlər sübut edib ki, Sialis və Viaqra qrip vaksini Aqriflyu ilə kombinasiyada əməliyyat sonrası şiş hüceyrələrinin yayılmasının qarşısını ala bilir.
Siçanlar üzərində aparılan təcrübədə bu preparatlar tətbiq olunan 150 siçandan yalnız 11-ində əməliyyat sonrası metastaz qeydə alındı.
Bu effekt Viaqranın fosfodiesteraz – 5 fermetinin işinə təsiri ilə izah olunur. Bu təsirlə supressor hüceyrələrin killer hüceyrələrə hücumunun qarşısı alınır, killer hüceyrələr metastaz verə biləcək hüceyrələri görür və məhv edir. Qrip vaksini də immuniteti artırdığından, NK hüceyrələrin fəaliyyəti ikiqat artmış olur. Bununla da əməliyyat sonrası immunitet daha da artır və metastaz imkanları olmur.
Artıq bu təcrübə onkoloji xəstələr üzərində sınanacaq. Hazırda Kanadada 24 pasiyent üzərində sınaqlar aparılır.
Baxmayaraq ki, bu prepararlar aptekdə var və ucuz satılır, həkimlər ozbaşına olaraq bu preparatların xərçəng xəstələri tərəfindən qəbulunu yolverilməz hesab edir. Bu metod xərçəng müalicəsi və əməliyyatı əvəz etmir. Əksinə əməliyyat və müalicəyə əlavə olunur.