"Veysəloğlu" Şirkətlər Qrupunun distribusiya şirkəti “Veysəloğlu” MMC duru yağların təchizatı üzrə ölkə bazarında “Sunar”, “Avedov”, “Qidam” kimi markalarla müəyyən bir paya sahibdir.
Bakupost.az xəbər verir ki, şirkətdən Marja.az-a bildirilib ki, hazırda davam edən Rusiya-Ukrayna münaqişəsi səbəbilə istehsalatın bütün sahələrində olduğu kimi, duru yağ istehsalında da ciddi bir sıxıntı yaranıb.
“Veysəloğlu” MMC-nin Qastronom və dondurulmuş məhsullar üzrə Marketinq Departamentinin Marketinq meneceri Elmar Çəltikov yaranmış vəziyyəti bu cür təsvir edir:
“Duru yağ qiymətlərində müşahidə olunan 30-50%-ə yaxın qiymət artımı Azərbaycan bazarındakı qiymətlərə də müəyyən bir artımla təsir edəcək. Biz “Veysəloğlu” MMC olaraq yarana biləcək çətinliyin qarşısını almaq məqsədilə artıq ehtiyat tədarük etmişik. Nəzərinizə çatdıraq ki, hazırda “Veysəloğlu” MMC tərəfindən distribusiya olunan duru yağ məhsullarının qiymətlərində artım olmayıb, lakin qlobal proseslərin fonunda yuxarıda qeyd olunan iqtisadi təsirlər səbəbilə qiymətlərdə müəyyən qədər artım olacağı gözlənilir”.
Qeyd edək ki, dünyada duru yağ istehsalında böyük pay Ukrayna və Rusiya bazarına aiddir. Yaranmış olan vəziyyətlə əlaqədar bir sıra ölkələr müəyyən addımlar atmışdır. Məsələn, Türkiyə ölkə daxilində yarana biləcək sıxıntının qarşısını almaq məqsədilə duru yağ ixracatını dayandırmışdır.