“Vətən Müharibəsi zamanı müharibə ərazilərinə ezam olunmuş həkimlər hələ də Müharibə Veteranı adını ala bilmir. Yüzlərlə tibb işçisi narazılıq edirlər”.
Bu fikirləri Bakupost.az -a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.
Ü. Cəfərov qeyd edib ki, Vətən Müharibəsindən 2 il ötməsinə baxmayaraq, bu gün on minlərlə insan haqq etdiyi adı və Vətən Müharibəsi iştirakçısı vəsiqəsini ala bilmir:
“Onlar narazılıq və narahatçılıq içindədir. O kateqoriyada həm ehtiyatdan çağırılanlar, həqiqi xidmətdə olan zabit, gizir, müddətdən artıq xidmət edən hərbi qulluqçular və hətta tibb işçiləri də var. Səhiyyə naziri Teymur Musayev deyə bilər ki, mən bu işdə yeniyəm. Amma bildiyim məsələ ondan ibarətdir ki, Səhiyyə Nazirliyinin bəzi vəzifəli şəxsləri bu işi icra etməkdən imtina edirlər.
Yəni, ayrı-ayrı tibb müəssisələrindən müharibəyə gedən ərazilərə ezam olunmuş müxtəlif profilli həkimlərin siyahısı hələ də Səhiyyə Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim olunmayıb. Bu gün ayrı-ayrı tibb müəssisələrindən mənə müraciət edən yüzlərlə tibb işçisi var ki, nazirliyin bu məsələ ilə məşğul olmaq istəməsi ucbatından Vətən Müharibəsi iştirakçısı və ya Vətən Müharibəsi Veteranı adını almayıb. Bunlar Bakı, Sumqayıt, Gəncə, Lənkəran və digər rayonlar üzrə olan tibb işçiləridir. Bununla bağlı nazirliyə sual vermişik ki, niyə bu işlə məşğul olmursuz? Cavab belə olub ki, onlar bizə müraciət etməyib. Yaxşı, əgər, bu insanlar deməyib. Bəs siz bu insanları 2020-ci ildə 44 günlük savaş zamanı müharibə zonasına ezam etmisiz. Bu insanlar müharibə zonasında olub, yaralanmış yüzlərlə oğullara yardım ediblər. Axı bu həkimlər əziyyət çəkiblər. 44 günlük Vətən Müharibəsində Müdafiə Nazirliyinin Mərkəzi Poliklinikasının rəis müavini polkovnik -leytenant Rasim Abdullayev şəhid oldu. Allah şəhidimizə rəhmət eləsin.
Təbii ki, həkimlərin hamısı şəhid olmayacaqdı. Yəni, Bakıdakı rahat işini-gücünü atıb müharibəyə canla-başla qatılan həkimlərimiz çoxdur. Bu gün onlar gözləyirlər ki, bəzi şəxslərin vicdanı oyanacaq. Lakin deyəsən vicdanları hələ oyanmaq istəmir”.
Ekspert bildirib ki, vəzifəli şəxslərin bu haqsızlığı etməyə nə hüquqi, nə də mənəvi haqqı var:
“Həkimlər bildirir ki, biz 80 manatın arzusunda deyilik. Bizim övladlarımız gələcəkdə döyüşdə olduğumuzu, müharibəyə qatıldığımızı və bu mübarizədə bizim də əməyimizin olduğunu bilməlidir. Ona görə düşünürəm ki, həkimlər doğru olaraq öz haqlarını tələb edirlər və bu onların təbii haqqıdır”.
Polkovnik məsələ ilə bağlı digər absurd bir vəziyyəti də diqqətə çatdırıb:
“Xüsusi Təyinatlılar arasında qruplar var. Həmin qruplarda tapşırığa gedəndə mütləq onların yanında tibb işçisi olmalıdır. Yəni bu tələbdir. Xüsusi Təyinatlı yaralanarsa, yaxud hansısa problemi yaranarsa, qrupda olan tibb işçisi ona yardım göstərməlidir. Sənəddə belə nəzərdə tutulub. Dəhşətli burasıdır ki, qrup iştirakçılarına Müharibə Veteranı adı verilir, amma o qrupda olan tibb işçisinə eyni ad verilmir. O tibb işçisi də şokdadır ki, o qrupun tərkibində olub və ölə də, yaralana da bilərdi. Niyə həmin tibb işçisinə Müharibə Veteran adı verilmir?! O qədər absurdluq var ki, insan söz tapa bilmir”.
Fərid
Baku Post