Vərəm bu gün dünyanı cənginə alan ağır infeksion xəstəliklərdən biridir. Hər il dünyada 2 milyon insan vərəmdən dünyasını dəyişir, 9 milyon isə bu xəstəliyə yoluxur və bu rəqəmlər artmaqdadır.
Vərəmin belə yüksək rəqəmlərlə gündəmdə olması həm də psixoloji problemlərdən qaynaqlanır ki, bunlardan biri də stiqmadır.
Stiqma, yəni cəmiyyət qarşısında utancaqlıq nəticəsində bu gün vərəm xəstələri öz xəstəliklərinin adını gizlətməyə çalışır, xəstəliyin daşıyıcısı olduğunu etiraf etməkdən çəkinirlər. Beləliklə, xəstəliyin yayılmasının, digər sağlam insanlara yoluxması riskinin artmasına səbəb olurlar. Xəstəliyini gizlədən və ya xəstəliyinin keçici olmayan xəstəlik kimi təqdim edən insanlar bununla yaxın adamlarını da təhlükə altında qoyurlar.
Vərəmə qarşı stiqmanın aradan qaldırılmasında biz psixoloqların üzərinə böyük vəzifə düşür.
Vərəm xəstələri müalicənin ilk günlərindən psixoloji dəstəyə və yardıma müraciət etməlidir və ya bu təmin olunmalıdır.
Vərəm xəstələri ilə görüşdə onlara xəstəliyin sağalan xəstəlik olduğuna inandırmağa, onlarda özünə inam hissi formalaşdırmağa və cəmiyyətə inteqrasiyasına kömək edirik. Bununla yanaşı, xəstənin müalicə olunmasında ailə üzvləri də fəallıq göstərməlidirlər. Xəstənin ailə üzvləri müalicəyə kömək etməklə yanaşı, ətrafdakı insanlara xəstəliyin intensiv mərhələdən sonra yoluxucu olmadığını başa sala bilərlər. Bununla yanaşı, onlar özləri də mütəmadi müayinə olunmalıdırlar.
Mən sizə vərəmə qarşı stiqmanı dəf etməklə müalicə olunmuş xəstələrimdən 25 yaşlı Nərmini nümunə gətirmək istəyirəm. Ailə qura, övlad sahibi ola bilməmək qorxusu ilə müraciət etmiş Nərminin hazırda 2 övladı var. Xəstəliyinə psixoloq yardımı ilə qalib gəlmiş belə xəstəlirimiz az deyil.
Vərəmə qalib gəlmək mümkündür!
Əhalinin psixi sağlamlığının müdafiəsi fonunda stiqma və diskriminasiya ilə mübarizə birinci yerdə olmalıdır. Çünki məhz stiqma insanlara iş tapma, işdə mövqeyini qorumaq, təhsilini davam etdirmək, hüquqlarını qorumaq, tibbi xidmətdən vaxtında istifadə etməyə mane olur, bu insanlar özləri özlərini neqativ qəbul edir.
UNİSEF məlumatlarına görə, stiqma qorxusundan hətta xəstənin ailə üzvləri öz doğma insanına yardım etməkdən çəkinir və onu gizlədir, təcrid edir, bununla xəstə üçün vacib olan ailə dəstəyini məhv edir.
Adətən belə xəstələrdə müalicə də effektsiz olur.
Faktlar var ki, məhz ailə tərəfindən stiqmaya məruz qalan, özünü günahkar hesab edən xəstələr suisidə belə əl atır.
Stiqmanın inkarı xəstəyə yazığı gəlmək demək də deyil. Xəstəyə şəxsiyyət olaraq hörmət etmək, onu sağalmağa ruhlandırmaq və güclü olduğuna inandırmaq lazımdır. Ona görə insanlar diaqnozdan yaranan qınaq və ləkədən daha çox qorxur, nəinki xəstəliyin özündən.
UST və UNİSEF-in son məlumatına görə, destiqmatizasiya suisidlərin profilaktikası proqramında ən vacib komponentdir. Amma rəqəmlər ürəkaçandır. 2015-ci ildə tibbi və peşəkar yardımdan 11% pasiyent imtina etmişdir ki, onların 2%i intihar edib.
Amma 2017-ci ildə bu rəqəm 7%-ə düşüb.
Ona görə onkoloji, QİÇS, hepatit, vərəm və nevroloji xəstələrin müalicəsinə ilk günlərdən psixiatr, psixoloq cəlb olunmalıdır
Mən bir psixoloq kimi vərəm xəstəliyinə yoluxmuş insanları stiqmadan və sağala bilməmək xofundan azad olmağa səsləyirəm. Stiqmanı dəf edin və VƏRƏMƏ QALİB GƏLİN!
Psixoloq Günay Qasımova
Bu yazı “Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “”Vərəmə qalib gəl” devizi altında elektron təşviqat marafonu vasitəsilə vərəm xəstələrinin sosial-tibbi və psixoloji reabitasiyasına dəstək” layihəsi çərçivəsində hazırlanmışdır.