Vərəm adı gələndə insan sanki dəhşətli, utancverici bir söz eşidir. Ona görə xəstələr xəstəlikləri bilinməsin deyə çox yollara əl atır. Bu da getdikcə vərəmin dərmanlara dirəncli, daha davamlı formalarının yaranmasına səbəb olur. Belə deyək, vərəmli xəstələri öldürən vərəm yox, məhz xəstələrin öz davranışıdır.
Professor, pulmonoloq Əlizamin Sadıqov
“Vərəmlə mübarizədə 3 başlıca istiqamət”
Dünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, dünyada infeksion xəstəliklər içərisində vərəm 3-cü yerdədir.
Birinci yerdə Covid, ikinci VİÇ infeksiya durur.
2021-ci ildə 1 milyon 600 min insan yalnız vərəmdən ölüb.
2010-cu ildən 2021-ci ilə qədər 80 milyona yaxın insanın həyatını vərəmdən xilas ediblər. Bu, böyük rəqəmdir.
Vərəm xəstəsi maksimum tez müalicəyə başlamırsa, təhlükə artır, çünki daha çox insanı yoluxduracaq. Vərəmin də özü yox, yayılması təhlükəlidir.
Bu gün cəmiyyətdə ən narahatedici əsas problem həbsxanalardan yayılan vərəmdir. Orda demək olar, 90% vərəm qazanma riski var. Tam qapalı şəraitdə insanların sıx təması olduğundan vərəm çox asan yayılır. Əgər həhsxanada 1-2 aktiv vərəm xəstəsi varsa, 99% insanın yoluxması deməkdir. Vərəmə yoluxma ilə xəstə arasında fərq var. Hər yoluxan vərəm xəstəsi olmur. 99 insanın 10 nəfərində xəstəlik aktiv fazaya keçə bilir.
Vərəm öskürək, asqırıq, hətta tüpürcəklə də keçir. Yerə tüpürməklə vərəm yayıla bilər.
Vərəm sosial problemdir
Nəyə görə, vərəm Azərbaycanda bu gün də aktualdır?
Birincisi, aktiv vərəm bölgələri qonşumuzdur. Rusiya, Ukrayna vərəm faizi yüksək ölkələrdir.
Dəhşətlisi isə bu vərəmin 50%-nin dərmana dirəncli vərəm olmasıdır, bu növ hətta ən müasir dərmanlara belə cavab vermir.
İkinci səbəb, müharibə regionunda yaşayırıq. Ukrayna dünyada vərəmin yayılmasına görə Rusiya ilə eyni dərəcədə ön yerdədir. Nə qədər insan müharibə səbəbindən müalicəsiz qaldı. Ukraynadan insanlar digər ölkələrə, o cümlədən bizə gəldilər.
Aclıq, iqtisadi durumun zəifləməsi, sosial problemlər vərəm fəlakətini yaxınlaşdırır. Biz vərəmə təkcə tibbi yox, sosial bir problem kimi yanaşmalıyıq.
Üçüncü səbəb, VİÇ ( QİÇS) infeksiyanın yayılmasıdır. Harda VİÇ varsa, orda vərəm çoxdur.
Yoluxmadan necə qorunaq?
İnsanlar hava damcı ilə yayılan infeksiyadan qorunmağın yollarını Coviddən sonra öyrəndi. Bu vaxta kimi insanlar elementar maska taxmağı, əlləri tez-tez yumağı, məsafə saxlamağı, dezinfeksiyanı, bir virusla necə mübarizə qaydalarını bilmirdilər. Bunu cəmiyyətə Covid məcburi aşıladı. Vərəmdə tədbirlər eynidir, qorunmaq, məsafə, ehtiyatlı olmaq və ildə yoxlanmaq.
Bu gün ölkədə vərəmli xəstələrin müalicəsinə dövlət dəstəyi var, qeyri-hökümət təşkilatlarından dəstək var, amma bu nə dərəcədə vərəmdən qorunmağa kömək edir, xəstələrin təcrid olunmasına necə şərait yaradır, sual altındadır.
Vərəmin gizlədilməsi – Stiqma Azərbaycanda
Bu ənənə Sovet dövründən qalıb. Vərəmə türmə damğası vurulan dövrdən. Amma Avropada belə deyil.
Bu xəstəlikdən utanmaqdansa, çəkinməkdənsə, gizlənməkdənsə, vaxtında müalicə alıb həkim nəzarətində qalmaq daha yaxşıdır.
Xəstə çalışmalıdır ki, təcrid olunsun və digərlərini qorusun: ailəsini, iş yoldaşlarını...
Profilaktik olaraq preventiv, artıq infeksiyalaşmış insanların gələcəkdə infeksiya baş verməsin, ağır xəstə olmasınlar deyə, müalicəsinin aparılmasıdır.
Əgər bir ailədə bəlğəmində bakterial vərəmi olan xəstə aşkarlandısa, bütün ailə üzvləri priventiv müalicəyə cəlb olunmalıdır: uşaq, böyük, hər kəs.
Dünya Səhiyyə Təşkilatının ən son qərarlarından biri dərmana davamlı vərəm formaları ilə - bunlara “türmə vərəmi “ deyilir- təmasda olan bütün insanların, hər kəsin privintiv müalicəyə cəlb olunmasıdır. Əgər bu qaydalara ciddi əməl etsək, cəmiyyətdə həm xəstələnmə, həm ölüm hallarının sayı azalacaq.
Müalicəni yarımçıq qoymaq, ölümə bərabərdir
Vərəm əgər birincili müalicəyə cəlb olunursa, 1-2 ay sonra müalicəni yarımçıq kəssə, həkimdən yayınsa, növbəti dəfə daha ağır dirəncli vərəm olacaq, bu dəfə müalicə alınmaya bilər.
Bu səbəbdən müalicə kursu 6-8 ay mütəmadi fasiləsiz davam etməlidir.
Yalnız burdan sonra kliniki sağalma diaqnozu vermək mümkündür.
O ki qaldı xəstənin təcridinə, aktiv müalicə dövründə stasionar mərhələsi maksimum 2-3 aydır, digər hallarda nəzarət altında evdə həftəlik tabletlərini alıb içir. Müalicə bitdikdən sonra xəstəyə heç bir reabilitasiya, heç bir sanatoriya lazım deyil. Avropa praktikası belədir. Orda vərəm müalicəsi daha inteqrativ və mürəkkəbdir. Dövlət bütün resursu birbaşa xəstəyə və müalicəyə, dərmanların çatdırılmasına yönəltməlidir.
Vərəm xəstəsi olan ev infeksion ocaq hesab olunur. Bu ocaqda önləyici tədbirlərin aparılması çox önəmlidir.
Digər qruplara–aqreqat qruplar deyilir: ictimai iaşə, ticarət işçiləri, ofis işçiləri. Həkimlər özləri də risk altındadır.
Biz həmişə düşünürük ki, həkim özünü qorumalıdır, amma digər məqam, həkimlər özləri daşıyıcı, yoluxdurucu ola bilər. Çünki hər il minlərlə xəstə görürlər.
Ona görə bu adamlar ildə 1 dəfə yoxlanmalıdır. Həmçinin diabet xəstələri, siqaret çəkənlər 6 aydan bir yoxlanmalıdır.
Qadınlar kişilərdən daha məsuliyyətlidir
Bütün yoluxanların və xəstələrin 35%-i qadınlar olur. Kişilərdə 2 dəfə çoxdur. Niyə? Məsuliyyətsizlik, siqaret, içki, narkotik, zərərli vərdişlər, həkimdən yayınma kişilərdə daha çoxdur. Aylarla öskürür, bəlğəm gələr, gedib yoxlanmaz.
Müalicədə qadınlar öndədir, ciddi yanaşılar, onlarda sağalma şansı çoxdur. Kişi xəstələrdə 3 nəfərdən birini itirəcəyik. Çünki müalicəni sona qədər aparmır, dirəncli vərəmə çevirir, xəstəlik daha da proqressivləşir.
Vərəmdən utanmaq lazım deyil
Vərəmə qalib gəl!
Vərəm həm qayğı istəyən, tələbkar, həm də müalicə olunan xəstəlikdir.
Bu gün tam müalicə olunur. Bunun üçün xaricə, harasa getməyə ehtiyac yoxdur.
Hətta cərrahi müalicə də var, ağciyərdə ocağı lokallaşdırıb, o hissəni kənarlaşdırmaq olar.
Amma xəstəliyi gizlətmək, infeksiya mənbəyi olaraq cəmiyyətdə gəzib onu yaymaq, müalicədən yayınmaq cinayətdir.
Əlizamin Sadıqov
Professor, pulmonoloq
Medicina.az
Bu yazı “Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ““Vərəmə qalib gəl” devizi altında elektron təşviqat marafonu vasitəsilə vərəm xəstələrinin sosial-tibbi və psixoloji reabitasiyasına dəstək” layihəsi çərçivəsində hazırlanmışdır.