Azərbaycanda 2010-cu ildə vərəmlə xəstələnmə göstəricisi hər 100 min nəfər əhaliyə 53 idisə, hazırda bu rəqəm 39-a enib.
Medicina.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun (ETAXİ) direktoru, protessor Həqiqət Qədirova deyib.
Onun sözlərinə görə, ölkədə ilkin aşkarlanmış vərəm hallarında da 21 faiz azalma müşahidə olunur. Vərəm əleyhinə müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi, vərəmin müayinə, diaqnostika, müalicə və profilaktikası üzrə müasir üsulların tətbiqi, xəstələrin dərman preparatları ilə təminatı və s. hesabına vərəmdən ölüm hadisələri da azalır. 2010-cu ilə müqayisədə vərəmin gecikmiş və yayılmış formalarının sayı da 2 dəfə azalıb.
H.Qədirova qeyd edib ki, ölkənin 3 bölgəsində — Gəncə, Quba və Zaqatalada institutun mikrobioloji laboratoriyaları işə salınıb. Mingəçevir, Xaçmaz, Sabirabad, Lənkəran, Şəki, Yevlax va s. rayonlarda da yeni laboratoriyalaпn təşkili planlaşdırılır.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatına əsasən, dünyada il ərzində 9 milyondan artıq insan vərəm xəstəliyinə tutulur və 1,8 milyon insan həmin xəstəlikdən vəfat edir. Hesablamalara görə, vərəm dünya üzrə ən çox ölümə səbəb olan 10 xəstəlikdən biridir.