Sentyabrın 1-dən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yoluxucu Xəstəliklərlə Mübarizə ” İctimai Birliyi tərəfindən “Cəmiyyətin həssas qrupu olan vərəm xəstələrinin sosial və psixoloji reabilitasiyasına dəstək” adlı layihənin icrasına başlanılıb.
Bakupost.az xəbər verir ki, layihənin məqsədi həssas qrupun nümayəndələri olan vərəm xəstələrinin sosial və psixoloji reabilitasiyasına dəstək verməkdən ibarətdir.
Layihə çərçivəsində həssas qrupunun nümayəndələri olan vərəm xəstələrinin psixoloji reabilitasiyasına dəstək göstəriləcək. Bunun üçün artıq uzun illər bir çox həssas qruplar üçün Avropada təşkil edilən danışıq klubları formatında tədbirlər həyata keçiriləcək.
Uğurlu həyat hekayəsi olan keçmiş vərəm xəstəsi olub sağalmış moderator Bakı şəhərində yerləşən 4 saylı və 9 saylı vərəm dispanserlərində öz müalicə tarixçəsini onlarla bölüşərək motivasiya verəcək və müalicələrinin müsbət nəticəsi olacağına ümid yaratmağa çalışacaq.
Layihə çərçivəsində həmin xəstələrə psixoloji dəstəklə yanaşı, həm də sosial yardım da göstəriləcək və onlara maddi imkanları aşağı olduğu üçün almaqda çətinlik çəkdikləri zəruri məişət ehtiyacılarını ödəyən vasitələr paylanılacaq.