Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Vaxtında polipləri götürmək lazımdır, əks təqdirdə xərçəng riski var- Cərrahdan açıqlama

  • 2023.08.18 16:55
  • 5306 Baxış
Vaxtında polipləri götürmək lazımdır, əks təqdirdə xərçəng riski var - Cərrahdan açıqlama

Son illərin protokollarına görə, 40 yaş üzəri bütün pasiyentlər kolonoskopiya və endoskopiya müayinələrindən keçməlidir.

Bu axtarma tipli müayinə skrininqdir. Xəstədə hər hansı bağırsaq şikayətləri daha gənc yaşda varsa, qanaması varsa, anamnezində digər şikayətlər, ailəsində, yaxın ailə üzvlərində bağırsaq, mədə şişləri olubsa, 40 yaşından daha erkən ən azı 3 ildən bir kolonoskopiya olunmalıdır.

"Medicina" xəbər verir ki, Tibb üzrə fəlsəfə doktoru Gömrük Hospitalının ümumi cərrahı Aynur Səfiyeva bağırsaq poliplərində xərçəng kök hüceyrələrinin rolundan danışıb.

“Əsasən narahat olmalı məqam poliplərdir, bağırsaqda polip görülərsə, mütləq götürülməlidir. Poliplərin hamısı deyil, adenamotoz strukturu olan poliplər xərçəngə çevrilir. Amma son illərin araşdırmaları göstərib ki, dişli poliplərin də xərçəngə çevrilmə ehtimalı var.

Mənim elmi işimdə poliplərin xərçəngə çevrilməsində kök hüceyrələrin rolu araşdırılır.
Kolonoskopiya zamanı götürülən bütün poliplər patohistoloji müayinə olunmalıdır və onlarda xərçəng hüceyrələri olub-olmaması dəqiqləşməlidir. Məhz bu nəticəyə əsasən xəstə risk qrupunda olub-olmadığını bilir və nəzarətdə olur. Bizim təcrübəmizdə olub ki, polipləri vaxtında götürülüb, onların xərçəng olma riski azalıb və ya qarşısı alınıb”.

Həkim bağırsaqda poliplərin yaranma səbəblərindən də danışdı.

“Təəssüf ki, poliplərin yaranma səbəbi dəqiq məlum deyil. Amma alimlərin yekdil fikrinə görə, ailə anamnezində düz və qalın bağırsaq xərçəngi olanlarda yüksəkdir, kimdə QERB – reflüksü olan, diabet xəstələrində, piylənməsi olanlarda daha yüksəkdir. Siqaret və zərərli qida da bu riski artırır. Oturaq işdə çalışanlarda da polip durğunluqdan yarana bilər.

Profilaktika tədbirləri barədə elmi ədəbiyyat bir şey yazmır, lakin bir sıra elmi məqalələrdə polip götürüləndən sonra xəstələrə ipubrofen kimi qeyri-sterpid dərmanın verilməsinin polipin təkrar əmələ gəlməsinin qarşısını aldığı bildirilir.

Ən yaxşı profilaktika vaxtında kolonoskopiya olunmaqdır”.

Aygün Musayeva
Medicina