Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefası ölkədə şok effekti yaratdı. Naxçıvanda yüksək rütbəli məmurların həbsi Ali Məclis sədrinin əl-qolunu bağlasa da, onun qapı arxasında saxlanılacağı gözlənilən deyildi. Buna görə də Naxçıvan "xan"ının qəfil istefası ölkə gündəminin bir nömrəli hadisəsinə çevrildi.
Vasif Talıbov vəzifəsindən istefa verdiyinə dair ərizəni bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinə təqdim edib. Ali Məclis dekabrın 21-də keçirilən növbədənkənar iclasında onun istefasını qəbul edib.
Naxçıvan Ali Məclisinin mətbuat xidməti Vasif Talıbovun istefasının səbəbini açıqlayıb. Mətbuat xidmətinin bu gün yaydığı məlumatda Ali Məclis sədrinin səhhətində yaranmış problemlə əlaqədar istefa verdiyi bildirilir.
Vasif Talıbov hansı xəstəlikdən əziyyət çəkir?
Medicina.az bildirir ki, "Yeni Sabah" Talıbovlara yaxın şəxslə bu mövzuda dəqiqləşdirmə aparıb.
Ailəyə yaxın şəxs söhbət zamanı Vasif Talıbovun səhhətində hər hansı ciddi problemin olmadığını deyib. Onun sözlərinə görə, Ali Məclis sədrinin sağlıq durumu hələ uzun müddət bu vəzifəni icra etməyə imkan verirdi.
Mənbə deyib ki, Vasif Talıbov şəkərli diabetdən əziyyət çəkir. Amma onda şəkərin miqdarı yüksək deyil. O, qida rejiminə əməl etməklə uzun illər ərzində eyni çəkidə qalmağı bacarıb.
Mənbə Vasif Talıbovun sağlam olduğuna dair başqa arqumentlər də gətirib. Bildirib ki, 62 yaşı olmasına rəğmən o, sonuncu dəfə 17 il əvvəl diş çəkdirib.
Müsahib yaxın ətrafında olan bir neçə nəfərin koronavirusa yoluxmasına baxmayaraq, Vasif Talıbovun bu xəstəliyə tutulmamasını onun sağlam və güclü orqanizmə sahib olması ilə əlaqələndirib.