Uşaqların şirniyyat yeməyə həvəsli olmaları bir gerçəklikdir. Lakin uşağın qida rasionunda şirniyyatın miqdarı valideynləri narahat edən məsələlərdəndir. Uşaqların şirniyyata bağlılığı, onların qida rasionundan şirniyyatı tamamilə çıxartmaq, yoxsa müəyyən məhdudiyyətlər qoymaq bu gün üçün çox aktual olan mövzulardandır.
Medicina.az publika.az-a istinadən xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının pediatr-endokrinoloqu Ləman Sultanova valideynləri narahat edən bu suallara cavab verib.
Onun sözlərinə görə, uşaqların şirniyyata həvəsi təkcə dad hissiyatı ilə bağlı deyil: "Tərkibində böyük miqdarda şəkər olan karbohidratlı qidalar enerji ehtiyatını doldurmaq və böyüməkdə olan orqanizmin orqan və beyin fəaliyyəti üçün vacibdir. Şirniyyatlar həmçinin orqanizmdə əhvalın yüksəlməsində rol oynayan endorfinlərin sintezi üçün lazımdır. Karbohidratların çatışmazlığı yağ və zülal mübadiləsində pozulmalara səbəb olur. Lakin müasir dünyada həddindən artıq çox şəkər istifadəsi halları ilə rastlaşırıq”.
Orqanizmdə şəkərin çoxluğunun hansı hallara gətirib çıxaracağına gəlincə, L.Sultanova bildirib ki, buna - piy kütləsinin artması, maddələr mübadiləsinin pozulması, qida allergiyasının formalaşması, qaraciyər və mədəaltı vəz fəaliyyətinin pozulması, şəkərli diabet tip 2, uşaq yaşlarından piylənmə hallarına səbəb olur.
Pediatr-endokrinoloq uşaqların hansı şirniyyatlardan imtina etmələrinə də aydınlıq gətirib: "Qazlı şirin içkilər, sümürmə konfet, saqqızı uşaqlara verməkdən imtina etməliyik. Hətta faydalı şəkərləri belə məhdud miqdarda istifadə etməliyik.
Ən ziyanı şirniyyatların başında şirin qazlı içkilər durur. Bu içkilərin tərkibində böyük miqdarda şəkər və şəkərəvəzedicilər olur. 250 ml şirin içkinin tərkibində 5 çay qaşığı şəkər olur. Tərkiblərində olan turşular (alma, limon və s.) şəkərin qana tez sorulmasını təmin edir ki, bu da mədəaltı vəzini gücə salır. Həmçinin, tərkiblərində olan rəngləndiricilər, aromatizatorlar və digər kimyəvi əlavələr böyüməkdə olan orqanizmə mənfi təsir göstərir.
İkinci yerdə sümürmə konfetlər və saqqızlar durur. Onların da tərkibi qazlı şirin içkilərdəki kimidir. Əfsuslar olsun ki, bu tip zərərli şirniyyatlar məhz uşaqlar üçün reklam olunur. Bu tip qidalardan nəinki uşaqların, həmçinin böyüklərin də imtina etməsi lazımdır”.
Şokolad, zefir, marmelad kimi şirniyyatları az miqdarda istifadə etməyin uşaq orqanizminə xeyir verəcəyini deyən endokrinoloq bu şirniyyatların tərkibində şəkərin miqdarının çox olmadığını bildirir: "Həmçinin onların tərkibində bir çox mikroelementlər də var. Şokoladın tərkibində kalium, maqnezium, dəmir mövcuddur. Uşağa şokolad alarkən çox seçici olmaq lazımdır, tərkibində konservantlar olmasın, keyfiyyətli olsun. Ən əsası 3 yaşından erkən vermək olmaz.
Zefir və marmelad seçiminə çox ehtiyatla yanaşmaq lazımdır. Onların tərkibində xeyirli maddələr-pektin və jelatin var. Pektin mədə-bağırsaq sisteminin işinə, jelatin isə saç-dırnaqlara xeyirdir. Lakin satışda tərkibində rəngləndirici və aromatizator olan məhsullar da çoxdur. Almamışdan öncə təbii inqridientlərin tərkibində olmasına fikir vermək lazımdır. Uşaq qida rasionuna 2 yaşdan tez daxil etmək olmaz”.