Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Allerqoloq: "Azərbaycanda allergik xəstəliklər sürətlə artır"

  • 2019.07.03 09:17
  • 8151 Baxış
Allerqoloq:  "Azərbaycanda allergik xəstəliklər sürətlə artır"
Allergik xəstəliklər ilin bütün aylarında qeydə alına bilir. Lakin bəzi allergik hallar mövsümi xarakter daşıyır. Yay aylarının aktual allergik xəstəliklərinə qida, insekt, yəni həşəratların dişləməsi ilə əlaqədar əmələ gələn allergik reaksiyalar, allergik rinitlər, pollinozlar, atopik dermatitlər, Günəş allergiyası, toksikoallergik reaksiyalar, allergik konyunktivitlər və s. aiddir. Yay fəsli ilə əlaqədar təəssüf ki, insekt allergiyalarına daha çox təsadüf edilir. Belə ki, müxtəlif həşəratlar uşaqları sancarkən və ya dişləyərkən onların ağız suyuna, zəhərinə və digər hissələrinə güclü allergik reaksiyalar baş verir. Ən çox və ağır allergik reaksiyalar arı sancmaları zamanı müşahidə olunur. Bu zaman kəskin övrə, Kvinke ödemi, anafilaktik şok qeydə alına bilər. Ağcaqanad dişləməsindən sonra baş verən allergik reaksiyalar bütün həşəratlardan yaranan allergiyaların 15 faizini təşkil edir. Mövsümi allergiyalardan biri də bitkilərin tozlanması zamanı qeydə alınır. Tibdə bu xəstəliyə pollinoz deyilir. Pollinoz zamanı bitki tozuna həssaslıq nəticəsində tənəffüs, həzm sistemlərinin, konyunktivanın, dəri və s. orqanların kəskin allergik iltihabı baş verir. Xəstəliyin gedişatında 3 kəskinləşmə dövrü qeydə alınır. Ağacların çiçəkləməsi nəticəsində əmələ gələn pollinozlar mart-aprelə, çəmən otlarının tozcuqları ilə əlaqədar pollinozlar iyun-iyula, alaq otlarının törətdiyi pollinozlar isə avqust və payız mövsümünə təsadüf edir. Uşaqların həssas olduğu bitkinin mövsümi çiçəkləməsi qurtardıqda və ya onun olmadığı yerə köçdükdə xəstələrin halı yaxşılaşır. Pollinozların ən tipik təzahürü rinokonyunktival sindromdur. Medicina.az xəbər verir ki, bu barədə Mərkəzi Neftçilər Xəstəxanasının pulmonoloq-allerqoloqu Validə Vəliyeva məlumat verib.
 

Mütəxəssis bildirib ki, uşaqlarda mövsümi allergik konyunktivit gözün allergik xəstəliklərinin ən çox rast gəlinən formasıdır. Əksər hallarda bu xəstəlik allergik rinit, bronxial astma, nadir hallarda allergik dermatit ilə birgə rast gəlinir. Konyunktivitin simptomları otların, dənli bitkilərin, ağacların çiçəkləməsi, Günəşin şüaları ilə əlaqədardır. Kəskinləşmə zamanı isə hər iqlim zonasına xas olan bitkilərin tozlanma təqvimi ilə sıx bağlıdır. Çox zamanlar xəstəliyin ilk simptomları 8 yaşdan sonra yaranır. Buna görə də pollinozdan əziyyət çəkən uşaqlarda xəstəliyin düzgün, vaxtında diaqnostika və müalicəsinin aparılması üçün bu sahədə mütəxəssis olan həkimə müraciət edilməlidir.
"Meyvə-tərəvəz, bostan bitkilərinin yetişdirilməsində torpağa verilən mineral gübrələrin miqdarının çox olması və ağac, bitki, meyvələrin xəstəliklərinin qarşısını alan dərmanların istifadəsi bu məhsulların allergenliyini artırır. Qida sənayesində geniş istifadə olunan boya maddələrindən biri də tartrazin sayılır. Tartrazin E102 kimi tanınan sintetik qida əlavəsidir. Yüksək allergenliyə görə övrə, Kvinke ödemi, dildə çatlar və s. kimi ağır xəstəliklər yarada bilər. Bu səbəbdən allergiyaya meyilli və ya hər hansı allergik xəstəlikdən əziyyət çəkən uşaqlara bu qida məhsullarının verilməsi məsləhət görülmür. Uşaqların çox sevdiyi dondurmanın tərkibində də tartrazin var”, - deyə pulmonoloq-allerqoloq diqqətə çatdırıb. Validə Vəliyeva digər ölkələrdə olduğu kimi Azərbaycanda da allergik xəstəliklərin sürətli artımının müşahidə olunduğunu bildirib. (Azərtac)
Allerqoloq:  "Azərbaycanda allergik xəstəliklər sürətlə artır"
Allerqoloq:  "Azərbaycanda allergik xəstəliklər sürətlə artır"
Allerqoloq:  "Azərbaycanda allergik xəstəliklər sürətlə artır"