Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Vaksinlərlə bağlı heç bir mənfi hal qeydə alınmayıb" - İnfeksionist açıqladı

  • 2021.02.11 17:54
  • 1684 Baxış
"Vaksinlərlə bağlı heç bir mənfi hal qeydə alınmayıb" -  İnfeksionist açıqladı

“Hazırda koronavirus əleyhinə 3 cür peyvənd var ki, onlardan ən təhlükəsizi Azərbaycanda istifadə edilən Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVac” vaksinidir. Çünki bu, həm inaktiv, həm də ən təhlükəsiz peyvənddir”.

Bunu “Report”a açıqlamasında Bakı Sağlamlıq Mərkəzinin İnfeksiyaya nəzarət bölməsinin rəhbəri Ləman Qalimova bildirib.

İnfeksionist qeyd edib ki, “CoronoVac” pediatrik peyvəndlər kimi inaktiv üsulla hazırlanıb: “Peyvənd bədənə vurulduqda immun sistemi potagenə qarşı tez və yetərli reaksiya verir. Bununla da vaksin vurduran insanın orqanizmi virusla qarşılaşdıqda onun immun sistemi virusu tanıyır və bədəni qoruyur. Həmin şəxs xəstələnsə belə yüngül keçirir”.

Mütəxəssis bildirib ki, aparılan araşdırmaların nəticəsinə görə, inaktiv vaksinin tərkibində insan orqanizmi üçün zərərli maddələr yer almır: “Vaksinin hər bir komponenti 3 mərhələdə test edilib. Bu günə qədər vaksinlə bağlı heç bir mənfi nəticə əldə edilməyib. Onu da qeyd edim ki, heç bir vaksin hər hansı virusa 100 % təsir göstərmir. Ölkəmizdə istifadə olunan vaksinin təhlükəsizliyi 90%-dən çoxdur. Saxlanma şəraiti də uyğundur. Peyvəndin immun sistemində təsir müddəti hələlik 6 ay nəzərdə tutulub. Amma bu daha çox vaksinin növündən və onu vurduran şəxsin immun sisteminin vaksinə verdiyi cavabdan asılır”.


“CoronoVac” vaksinin yan təsirlərinə gəlincə, L.Qalimovanın sözlərinə görə, digər peyvəndlər kimi bu vaksinin də yan təsirləri iynənin yerində ağrı, qızarma, şişmə, başağrısı və halsızlıq ola bilər: “Vaksin xəstəliyin keçməsinin qarşısını tamamilə almır, sadəcə ağırlaşma hallarını azaldır. Birinci doza vurulması ilə orqanizmdə immun sistemi tam formalaşmır, yəni qoruyuculuğu olmur. 28 gündən sonra bədənə xatırlatma verilir və bu zaman immun sistemi daha da aktivləşir. Odur ki, ikinci dozanın vurulması mütləqdir”.

O eyni zamanda 65 yaş üstü risk qrupuna aid olan şəxslərin vaksinasiya olmalarını tövsiyə edir: “Təbii ki, peyvənd olunmaq könüllüdür. Hər bir şəxsə vurulan iynələr steril olunan birdəfəlik iynələrdir. İmmun sisteminə təsir göstərən dərman istifadə edənlərin müalicə müddətində peyvəndlənməsi məsələhət deyil, çünki immun sistemi basqılı olduğundan istənilən nəticə alınmaya bilər”.

Özünün də COVID-19 əleyhinə peyvənd olunduğunu deyən infeksionist qeyd edib ki, vaksinasiyadan sonra səhhətində heç bir problem olmayıb: “Sadəcə bir gün yerli ağrı olub, o da səhəri gün keçib. Bir sözlə, vaksin olunmaqdan qorxmağa ehtiyac yoxdur”.

Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda vaksinasiya prosesinə başlanılıb. Bakı Sağlamlıq Mərkəzində başlanan vaksinasiya işi L.Qalimovanın nəzarəti altında həyata keçirilib. Fevralın 8-dən isə 65 yaşdan yuxarı risk qrupuna aid vətəndaşların peyvənd olunmasına başlanılıb.