Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Vaksinin heç bir təhlükəsi yoxdur" - Həkimdən ÇAĞIRIŞ

  • 2021.02.12 16:06
  • 1586 Baxış
"Vaksinin heç bir təhlükəsi yoxdur" -  Həkimdən ÇAĞIRIŞ

Çindən ölkəmizə gətirilən “Sinovac” vaksinlərini qəbul edənlərdən biri də tibb elmləri doktoru, professor Adil Qeybulladır. O, bu ilin 23 yanvarında vaksinin ilk dozasını qəbul edib.

Medicina.az xəbər verir ki, professor Publika.az vasitəsi ilə xüsusi yaş qrupunda olan və yaşı 65-dən yuxarı olan insanlara çağırış edərək söyləyib ki, hər kəs peyvənd olunmalıdır:

“Vaksinasiya ilə bağlı insanlara çağırışım odur ki, hamının vaksinasiya olunması məqsədəuyğundur. Bütün dünya bu prosesdən keçir. Nə qədər çox vaksinasiya olunsaq, bu proseslərdən bir o qədər az itkilərlə çıxarıq. Daha az problemlərlə üzləşərik. Vaksinasiya ilə bağlı yayılan bütün mənfi məlumatlar əsassızdır. İnfeksion xəstəliklərlə mübarizədə elmin vaksinasiyadan başqa tapdığı hələlik uğurlu yol yoxdur. Adətən bu cür söhbətlərə ruhən zəif, təlqinə meyilli insanlar uyurlar. Vaksinasiya heç bir təhlükəsi olmayan prosedurdur, buna gedilməlidir. Mən də vaksinasiya olunmuşam. Nümunə kimi sosial şəbəkədə də bunu paylaşmışam”.

Adil Qeybullanın fikrincə, vəziyyət pisləşərsə, vaksinasiya məcburi ola bilər:

“Bütün risk qruplarından olan şəxslər vaksinasiya olunmalıdır. Görün biz ikinci dalğada nə qədər insan itirdik. Ona görə də diqqətli olmaq lazımdır. Qətiyyən vaksin tərəddüdünə qoşulmayın, bu kampaniyanı bilərəkdən yayanların təbliğatına uymayın. Peyvənd olunun, bundan qətiyyən çəkinməyin. “Sinovac” şirkətinin “CoronaVac” vaksini ənənəvi üsulla hazırlanıb. Biz bu cür vaksinlərə sovetlər ittifaqında alışmışıq. Bu vaksinin heç bir təhlükəsi yoxdur. Bu, inaktivləşmiş viruslardır. İmmun sistemi onları görür və tanıyır. Amma onların xəstəlik törətmə qabiliyyəti yoxdur. Bu da immunitetin formalaşması üçün kifayət qədər yetərlidir”.