Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Vaksinasiya pandemiyanın bitməsi demək deyil - Professor həyəcan təbili çaldı

  • 2021.02.03 10:26
  • 1745 Baxış
Vaksinasiya pandemiyanın bitməsi demək deyil - Professor həyəcan təbili çaldı

Yoluxma sayında azalma və karantin rejiminin yumşaldılması cəmiyyətdə arxayınlıq yaratmamalıdır. COVID-19 pandemiyasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər real nəticə verir. Bu nəticəni qorumaq lazımdır.

Bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

O bildirib ki, COVID-19 pandemiyası ilə mübarizə dünyada uzun müddətdən bəri ilk təcrübə idi:

“Bu mənada ilk zamanlar görülən tədbirlərdə xeyli yanlışlıqlar oldu. Məsələn, ABŞ kimi bir ölkə pandemiyanı lokallaşadıra bilmədi. Halbuki ABŞ-ın səhiyyə büdcəsi Avropanın bir neçə ölkəsinin dövlət büdcəsindən çoxdur.

Bizdə də təbii olaraq müəyyən yanlışlıqlar oldu. Bu ilk təcrübə idi. Vəziyyətin spesifik olmasının səbəbi Vətən müharibəsinin başlaması və bütün diqqətin ona yönəlməsi idi. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, vaksinasiyanı effektiv apara bilsək, kollektiv immunitetə gedən yolu daha qısa şəkildə qət etmək imkanındayıq. Azərbaycanda peyvəndlənmə dünyanın aparıcı ölkələri ilə demək olar ki, eyni vaxtda başladı. Əksər ölkələrdə peyvəndlənmə ya Azərbaycandan sonra başlayıb, ya hələ də başlamayıb.

Hazırda yoluxma sayında müşahidə olunan azalma şəhərlərarası gediş-gəlişə tətbiq olunmuş məhdudiyyətlərin aradan qaldırılmasına, məktəblərin, iaşə obyektlərinin və s. fəaliyyətinin bərpa edilməsinə şərait yaradıb. Lakin bundan əvvəl iki dəfə yumşalma dövründə yoluxma sayının kəskin artımı müşahidə olunub ki, bu də əlavə məhdudlaşdırıcı tədbirlərinin bərpasını zəruri edib.

Vaksinasiya pandemiyanın bitməsi demək deyil, amma pandemiya yolunu qısaltmaq üçün çox böyük addımdır. Vaksinasiyaya hamı isti yanaşmalı və antivaksin kampaniyasına qarşı çıxmalıdır”./Axar.az