“Bir çox dövlətlərdə olduğu kimi artıq bizim ölkəmizdə də vaksinasiyaya başlanılıb. Yanvarın 18-dən başlayaraq respublikanın bir çox poliklinikalarında artıq tibb məntəqələri yaradılıb. İlk növbədə tibb işçiləri vaksinasiya olunurlar. Gələcəkdə də hüquq işçiləri və digər sahənin işçiləri, eləcə də sadə vətəndaşlar üçün vaksinasiyaya start veriləcək. İlk olaraq həkimlər COVID-li xəstələrlə birbaşa təmasda olduğuna görə vaksinasiya edilirilər. Çünki həkimlər risk qrupundadırlar”.
Medicina.az xəbər verir ki, bunu publika.az-a açıqlamasında altı aydır COVID-li xəstələrlə çalışan həkim Məlahət İsayeva deyib.
“Artıq vaksinasiyaya çox uğurlu start verilib. Bu gün çevrəmdəki bir çox həkimdən eşitmişəm ki, onlar vaksin vurdurublar. Hər hansı bir fəsad yoxdur. Vaksinlər vurulan dəqiqədən etibarən heç bir əks-effekt göstərmir. Vaksin bədəndə qoruyucu maddə yaradır. Bu, ona görədir ki, insan yoluxarsa, onu yüngül keçirsin və ya yoluxma olarsa, ümumiyyətlə, onu hiss etməsin. Vaksinlərin vurulma səbəbi də budur. Demək istəyirəm ki, insanlar indi çaşqın haldadırlar, qorxu və təlaş içindədirlər. Necə ki, pandemiyanın ilk dönəmlərində virusa görə təlaş keçirirdilər, indi də vaksinə qarşı eyni münasibət sərgiləyirlər. Bu da başadüşüləndir. İnsanlar fikirlərşirlər ki, virusa yoluxub sağalmışam, onun mənə nə xeyiri var. Amma belə deyil. İnsanlar onu bilməlidirlər ki, ölkəmizdə milyonlarla şəxs hələ koronavirusa yoluxmayıb. Risk qrupunda olan yaşlı, xəstə insanlarımız var. Yataq xəstələrimiz mövcuddur. Biz onları qorumaq üçün vaksinasiya işlərinə başlamışıq. Yəqin ki, vaksinasiya işləri çox uğurla aparılacaq. İnsanların da bu vaksinasiyadan razı qalacağına inanıram”.
Həkim Məlahət İsayeva sadə vətəndaşlara dəfələrlə çağırış etməkdən yorulmadığını da dilə gətirir:
“Mən hər kəsi vaksin vurdurmağa çağırıram. Çünki gözümün qabağında boğularaq ölən insanları xəyalımda canlandıranda, onları xatırlayanda yəqin ki, insanlar mənə bir həkim kimi inanarlar, sözlərimi eşidərlər. Hər kəsi qorxmadan vaksinasiyaya getməyi məsləhət bilirəm. İnsanlar öz sağlamlıqlarını qorumalıdırlar. Əlbəttə, biz yalnız sosial məsafəni saxlamaqla, sanitar-gigyenik qaydalara riayət etməklə virusun qarşısını ala bilmərik”.
Həkimin sözlərinə görə, karantin rejimi tətbiq etməklə də virisun qarşısını tam ala bilməyəcəyik: “Bir müddət səngiyəcək, sonra yenidən başlayacaq. Koronavirus hava-damcı yolu ilə keçir. Soyuq havalarda daha da aktivləşir. Yenidən, fəsil dəyişdikcə, bu xəstəlik daha da artacaq. Yoluxma tempi yüksələcək. İnsanlar daha çox virusa yoluxmağa başlayacaq. Ona görə də bu virusun qarşısını almağın yeganə yolu vaksinasiyadır. Hər kəsi, qorxanları da vaksinasiyaya çağırıram. Bu, onların sağlamlığı üçündür. Birinci növbədə qəhrəman həkimlərimiz, tibb işçilərimiz vaksinasiyaya gedirlər. İnşallah, sabah mən də gedib vaksin vurduracağam. Bununla da özümü virusdan sığortalayacağam”.