Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Vahid Sağlamlıq üzrə Milli Strategiya Planı təqdim edildi

  • 2024.11.20 17:31
  • 140 Baxış
Vahid Sağlamlıq üzrə Milli Strategiya Planı    təqdim edildi
Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Vahid Sağlamlıq yanaşması: İnsan inkişafı naminə sahələrarası işbirliyinin artırılması” mövzusunda yüksək səviyyəli dəyirmi masa keçirilib.


"Medicina" xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, səhiyyə naziri Teymur Musayev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov iştirak ediblər.

Tədbir çərçivəsində “Dəyişən iqlimdə davamlılığın artırılması: Daha sağlam gələcək üçün Azərbaycanın Vahid Sağlamlıq yanaşması” və “Vahid Sağlamlığın tətbiqi üzrə dörd tərəfin birgə yanaşması: Effektiv sahələrarası işbirliyi yolu ilə daha böyük təsirə nail olunması” mövzularında sessiyalar keçirilib.

Tədbirdə çıxış edən TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qeyd edib ki, TƏBİB tabeliyində fəaliyyət göstərən bütün tibb müəssisələri iqlim şəraitindən asılı olmayaraq əhaliyə xidmət göstərməyə hazır olmalıdır. Bu məqsədlə biz təbiətdə baş verə biləcək hadisələri izləməli və tibb müəssisələrinin infrastrukturunun modernləşdirilməsi cəhətdən bu hadisələrə hazırlıq səviyyəsini yüksəltməliyik. Şübhəsizdir ki, təbii fəlakətlər zamanı tibbi xidmətin fasiləsizliyinin əhəmiyyəti daha da artır.

V.Qurbanov, həmçinin vurğulayıb ki, Vahid Sağlamlıq yanaşması insan, heyvan və ətraf mühit sağlamlığı arasında əlaqələri tanıyan və bu üç sektorun əməkdaşlığını gücləndirməyi hədəfləyən bir yanaşmadır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə son illərdə baş verən yeni və yenidən ortaya çıxan infeksiyaların 70%-dən çoxu zoonoz mənşəlidir. Bu vəziyyət insan fəaliyyətinin ekosistemlərə müdaxiləsi, biomüxtəlifliyin azalması və vəhşi heyvanlarla artan təmasın nəticəsidir.


AQTA sədri Q.Təhməzli bildirib ki, müasir dünyada iqlim və ətraf mühit amillərinin təsirindən cəmiyyətdə, o cümlədən sosial və iqtisadi sahələrdə yeni çağırışlar meydana çıxır. Bu məsələlərin aşkarlanmasında və idarə edilməsində isə birgə fəaliyyət olduqca vacibdir. Agentlik sədri bu baxımdan COP29-un xüsusi əhəmiyyətini qeyd edib və onu geniş imkanlara malik müzakirə platforması kimi qiymətləndirib.

O deyib ki, beynəlxalq təcrübəyə uyğun olaraq respublikamızda zoonoz epidemiyaların vaxtında aşkarlanması və çevik cavab tədbirlərinin görülməsi üçün aidiyyəti qurumların birgə fəaliyyəti daim diqqət mərkəzində saxlanılır. Bu çərçivədə zoonoz xəstəliklərdən irəli gələn problemlərin həll olunması məqsədilə “Azərbaycan Respublikasında “Vahid Sağlamlıq” konsepsiyası tətbiq edilməklə zoonoz xəstəliklərin qarşısının alınması və nəzarətin gücləndirilməsinə dair 2025-2030-cu illər üzrə Milli Strategiya”nın layihəsi hazırlanaraq təqdim ediləcək.


AQTA sədri vurğulayıb ki, mütərəqqi epidemioloji iş üçün istifadə ediləcək informasiya sisteminin qurulması, “Cəmiyyət-heyvanat aləmi - ətraf mühit” kontekstində vahid yanaşmanın tətbiq edilməsi, antimikrob rezistentliyi problemlərinin həlli, böhran vəziyyətlərinin idarə olunması və digər zəruri amillər Strategiyanın tərtib edilməsini aktuallaşdırıb. Strategiyanın icrası ilə zoonoz xəstəliklərin erkən aşkarlanması üçün çevik həll yollarına, davamlı müşahidə sisteminin və məlumat mübadiləsi üçün vahid platformanın tətbiqinə, həmçinin ölkə əhalisinin vaxtaşırı maarifləndirilməsi kimi məqsədlərə nail olunacaq.

Sessiyada çıxış edən kənd təsərrüfatı naziri M.Məmmədov, səhiyyə naziri T.Musayev insan, heyvan və ətraf mühitin sağlamlığı ilə bağlı problemlərin birgə yanaşma ortaya qoyulmaqla həll olunmasının vacibliyini vurğulayıblar. Həmçinin sözügedən tədbirin “Vahid Sağlamlıq” konsepsiyası ilə bağlı yeni işgüzar əlaqələrin qurulmasına və genişləndirilməsinə böyük töhfə verəcəyini qeyd ediblər.
Daha sonra sessiyada zoonoz xəstəliklərlə bağlı problemlərin həll olunması üçün hazırlanmış Milli Strategiyanın təqdimatı keçirilib.