Yuxu zamanı cinsi hərəkətləri ehtiva edən pozğunluq kimi xarakterizə olunan sekssomniya bir çox insanın həyatını məhv edir.
38 yaşlı kişi arvadı ilə yuxusunun ortasında zorla sevişməyə çalışsa da, oyananda heç nə xatırlamır;
Yuxuda mastürbasiya edərkən oyandırılan 20 yaşlı qadın boş gözlərlə partnyoruna baxır;
31 yaşlı kişi 10 ildən çoxdur yuxuda ikən fərqində olmadan masturbasiya etdiyi üçün qasıq nahiyəsini zədələyir. Xəstəliyindən utandığı üçün 8 ildir heç kimlə münasibəti yoxdur.
Bütün bu qeyri-adi hallar sekssomniya kimi tanınan yuxu pozğunluğu ilə əlaqədardır.
Parasomniya adı altında təsnif edilən bu pozğunluq yuxuda ikən danışmaq, yerimək və yemək yemək kimi hallarla oxşardır.
Yanlış olaraq yuxu və ya kabus kimi düşünülsə də, bir çox parasomniya hallarında beyində çox fərqli proseslər gedir.
Minnesota Universitetindən psixiatr Dr. Karlos Şenk xəstəliklə bağlı bunları deyib:
“Bunlar oyanma ilə əlaqəli pozğunluqlardır. Adətən yuxunun ən yavaş və dərin mərhələsi olan delta yuxusunda özünü göstərir. Onlar mərkəzi sinir sistemində həyəcan siqnalı kimi ani olaraq işləyirlər. Şüur dərin yuxuda olarkən bədən hərəkətə keçir. Beyin oyanmadan yeriməyə, qaçmağa və başqa şeylər etməyə başlamaq çox təhlükəli bir vəziyyətdir.
Sekssomniya ilə bağlı araşdırma aparmaq da çətindir, çünki bu problemdən əziyyət çəkən insanlar yaralanmadıqca və ya bu barədə başqası tərəfindən irada məruz qalmadıqca öz hərəkətlərindən xəbərsiz olurlar. Həmçinin utandığı üçün həkimə müraciət etməyənlər də var”.
2010-cu ildə Norveçdə 1000 yetkin arasında aparılan soğru onların 7 faizinin keçmişdə bu cür problemlər yaşadığını və təxminən 3 faizinin onun simptomlarını yaşamağa davam etdiyini üzə çıxarıb.
Şenk bu xəstələrin həmin anlarda söylədiklərinin çox vaxt reallığı əks etdirmədiyini də qeyd edib. Məsələn, xəstə başqa birinin adını çəkirsə, partnyor xəyanətə uğradığına qənaət gətirməməlidir:
“Yuxuda olan beyin oyaq beyindən çox fərqlidir. Yuxuda yalan və ya həqiqətin söyləndiyi barədə etibarlı bir nəticəyə gələ bilməzsiniz”.
Sekssomniyaya nə səbəb olur?
Bu suala dəqiq cavab vermək çətindir. Şenk deyir ki, uşaqlıqda yuxuda ikən danışan və yeriyən insanlar buna daha meyilli ola bilərlər, lakin bir çox insan heç bir simptom göstərmir:
“Səbəbini dəqiq bilmirik, amma genetik tərəfi də var. Əgər birinci dərəcəli qohumunuzda parasomniya varsa, sizdə də bu xəstəliyin olma ehtimalı yüksəkdir. Obstruktiv yuxu apnesinin olması da tətikləyici faktorlar arasındadır. Yuxu zamanı tənəffüsün dayanması ilə özünü göstərən bu pozğunluq əsasən kişilərdə görülsə də, qadınlarda da rast gəlinir”.
Şenk apne müalicəsinin seksomniyaya qarşı da təsirli ola biləcəyini söyləyir. Epilepsiya, narahat ayaq sindromu və panik pozğunluğu hallarında istifadə edilən “Klonazepam” kimi dərmanlar da bəzi hallarda bu problemin qarşısını ala bilər.
Şenk yanına gələn 41 yaşlı xəstəsinin dərmanlarla deyil, stresli işindən qurtulmaqla sağaldığını bildirir. İşdən çıxan qadın gündə 6-7 saat yatandan sonra sekssomniya təkrarlanmayıb.
Mütəxəssislər kofein və spirti azaltmağın, yataq otağını sərin saxlamağın və səs-küyü aradan qaldırmağın da vəziyyətə yaxşı təsir edə biləcəyini qeyd edirlər.
Aysel