Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Çin Xalq Respublikasında meydana çıxan və digər ölkələrə yayılan yeni koronavirus epidemiyası ilə bağlı yanvarın 30-da ikinci dəfə Beynəlxalq Tibbi Sanitariya Qaydaları (2005) üzrə Fövqəladə Hallar Komitəsinin iclasını keçirib.
Çin Xalq Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi mövcud vəziyyətlə və həyata keçirilən qabaqlayıcı tədbirlərlə bağlı məlumat verib. Artıq ölkə daxilində 7711 təsdiq edilmiş və 12167 şübhəli hal qeydə alınıb. Təsdiq olunmuş hallardan 1370-i ağır dərəcəli olduğu, 170-nin ölüm halları ilə nəticələndiyi bildirilib. 124 nəfər xəstəlikdən müalicə olunaraq, evə buraxılıb.
Medicina.az Trend-ə istinadən xəbər verir ki, ÜST-nin Katibliyi digər ölkələrdəki vəziyyətə dair ümumi məlumat verib. Artıq 18 ölkədə 82 yoluxma halı baş verib. Digər ölkələrdə xəstəliyə yoluxanlardan 7-si Çinə səfər etməyib. Çinin xaricində üç ölkədə virusun insandan insana ötürülməsi halı qeydə alınıb. Bu üç haldan biri ağır dərəcəlidir, ölüm halları olmayıb.
Komitə Çin hökumət orqanlarının bu məsələdə liderliyini və siyasi öhdəlik götürməsini, şəffaflığını, mövcud epidemiyanın araşdırılması və nəzarətdə saxlanması üçün göstərdiyi səylərini alqışlayıb. Digər ölkələrin sürətli şəkildə diaqnoz qoyması və özlərini qoruya bilməsi üçün Çin, virusu tez bir zamanda müəyyənləşdirib və genetik ardıcıllığını paylaşıb. Bu, diaqnostik alətlər dəstinin tez bir zamanda hazırlanmasına şərait yaradıb.
Komitə hesab edir ki, ölkələr xəstəliyin erkən diaqnostikası, təcridi və müalicəsini təmin etməklə, eləcə də təmas yollarının izlənməsi və risklərə uyğun sosial uzaqlaşdırma tədbirlərinin təşviqi ilə virusun yayılmasına müdaxilə etmək mümkündür. İnfeksiyanın yayılması davam etdikcə, onun qarşısını almaq və azaltmaq üçün strateji hədəflər və tədbirlər görüləcəyini qeyd etmək vacibdir. Komitə epidemiyanın hazırda İctimai Səhiyyə sahəsində Beynəlxalq Fövqəladə Vəziyyət meyarlarına cavab verdiyini qəbul edir və Müvəqqəti Tövsiyələr hazırlanmasını məsləhət görür.
Komitə etiraf edir ki, sübutlar, ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət baş verən zaman insanların hərəkəti və ticarətin məhdudlaşdırılmasının səmərəsiz ola biləcəyini göstərir. Bundan əlavə, məhdudiyyətlər lazımi yardım və texniki dəstəyə əngəl törədə, biznesi çökdürə, bu fövqəladə halların təsirinə məruz qalmış ölkələrin iqtisadiyyatına mənfi təsir göstərə bilər.
Lakin müəyyən xüsusi vəziyyətlərdə, insanların hərəkətini məhdudlaşdıran tədbirlər müvəqqəti faydalı ola bilər, xüsusilə də, əhalinin həssas qrupu arasında virusun ötürülmə dərəcəsinin yüksək olduğu və cavab tədbirlərinin məhdud olduğu yerlərdə. Belə hallarda, ölkələr bu məhdudiyyəti tətbiq etməzdən əvvəl faydanın zərərdən çox olub-olmayacağını qiymətləndirmək üçün risk və xərcləri təhlil etməlidir. Ölkələr Beynəlxalq Tibbi Sanitariya Qaydalarının (BTSQ) tələbinə uyğun olaraq, səfər tədbirləri barədə ÜST-ə məlumat verməlidir. BTSQ-nin 3-cü maddəsinin prinsiplərinə uyğun olaraq, stiqma və ya ayrı-seçkiliyi təbliğ edən hərəkətlərə yol verilməməlidir.
Baş Direktor zəruri hesab edərsə, Fövqəladə Hallar Komitəsi üç ay ərzində və ya daha tez yenidən toplaşacaq.