Ümumdünya Səhiyyət Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəliyi əhalini qızılcaya qarşı peyvəndlənməyə səsləyib.
"Medicina" xəbər verir ki, ofisin məlumatına görə, 2021-ci ildən başlayaraq qızılcaya qarşı peyvəndin əhatə dairəsinin azalması nəticəsində 2022-ci ildə qlobal =miqyasda qızılcaya yoluxma hallarının sayı 18 %, ölüm hallarının sayı isə 43 % artmışdır (2021-ci illə müqayisədə). Qızılca xəstəliyi uşaqların sağlamlığı üçün ciddi təhlükə olaraq qalmaqda davam edir.
Qeyd olunub ki, qızılcaya qarşı peyvəndləmə əhatəsi 95 %-dən aşağı olduğu zaman bütün ölkələr və icmalar üçün xəstəliyin geniş yayılma riski yaranmış olur. 2000-ci ildən 2022-ci ilə qədər qızılcaya qarşı peyvənd qlobal miqyasda 57 milyon insanın qızılcadan ölməsinin qarşısını almışdır.
"Qızılca 5 yaşdan kiçik uşaqlar üçün daha təhlükəlidir. Bu xəstəlik onlarda pnevmoniya, ensefalit (beyin iltihabı) və ölümlə nəticələnə bilər. Xəstəliyə qarşı peyvənd ən effektiv peyvəndlərdən biridir. 2 doza peyvənd qızılca infeksiyasının qarşısını ömürlük almaqda 97% effektivdir".