Cənubi Sudanın Səhiyyə Nazirliyi 89 nəfərin naməlum xəstəlikdən öldüyünü açıqlayıb. Son zamanlar daşqınlar səbəbilə ciddi sağlamlıq böhranı yaşayan Cənubi Sudandan gələn xəbər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) diqqətini cəlb edib.
Medicina.az xəbər verir ki, ÜST bu məqsədlə ölkəyə bir araşdırma qrupu göndərib. Müəmmalı xəstəliyin mənbəyinə gedən ÜST alimləri ölkənin şimalındakı Fanqak şəhərindən nümunələr toplayıblar.
“Biz təcili yardım qrupu göndərdik və risklərin idarə edilməsini həyata keçirərək araşdırmaları dərinləşdirdik. Komandalar sellə əlaqədar helikopterlə bölgəyə gedib və nümunələr götürüblər”, – deyə ÜST nümayəndəsi Şeyla Baya bildirib.
Britaniya mediası BBC xəbər verib ki, nümunələr tədqiq edilib və müəmmalı xəstəliyin vəba olmadığı təsdiqlənib.
Səlahiyyətlilər insanların xəstəliklə yanaşı aclıq səbəbindən də çətin vəziyyətə düşdüyünü açıqlayıblar.