Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

USM müayinədə hepatit, xərçəng və leykoz aşkarlana bilərmi? – Mütəxəssisdən USM sirləri barədə ilginc açıqlamalar

  • 2018.09.27 17:03
  • 30915 Baxış
USM müayinədə hepatit, xərçəng və leykoz aşkarlana bilərmi? –  Mütəxəssisdən USM sirləri barədə ilginc açıqlamalar

USM (UZİ) aparatında müayinə insanların ən çox üz tutduğu müayinədir. Amma çox zaman bu müayinələrdə elə də ciddi dəyişikliklər görünmədiyi yazılır. Amma digər USM həkiminə gedərkən hətta düyünlər, şişlər də tapılır. Bu da pasiyentlər arasında USM həkimlərinə, çox vaxt da aparata şübhə yaradır, onlar MRT və KT-diaqnostikanı daha dəqiq hesab edirlər.  USM müayinəsinin uğurlu olması mütəxəssis həkimdən çox asılıdır.


Bioloji Təbabət klinikasının USM həkimi Faina Bünyatova Medicina.az -a USM müayinədə hepatit, QİÇS kimi virus mənşəli və onkoloji xəstəliklərin daxili orqanlarda əlamətlərini necə aşkar etdikləri barədə danışıb. Həkim dəqiq USM müayinəsi nəticəsində pasiyentin düzgün diaqnozu və müalicəsinin effektiv ola biləcəyini bildirib.

 

 

 Şərt o deyil ki, hepatit mütləq qaraciyərdə olsun.

 

Bəzən qaraciyər göstəriciləri normal çıxır, amma xəstədə artıq virus var. 




-Faina xanım, bir USM müayinəsindən ildə 2 dəfə keçməklə hepatit kimi xəstəliyin olub-olmamasını təyin etmək mümkündürmü və bu hansı orqanlarda özünü necə göstərir?


-Hepatit virus xəstəliyidir. Onun bir sıra zahiri əlamətləri də olur. İnsan halsızlaşır, qaşınır, rəngi saralır. Hepatit virusu daha çox mədəaltı vəzi, öd, dalaq və qaraciyəri zədələyə bilir. Virus da qrip kimidir. Elə insan var özündə biruzə verir, eləsi var yox. İnsanın immnutetindən asılıdır. Şərt o deyil ki, hepatit mütləq qaraciyərdə olsun. Bəzən qaraciyər göstəriciləri normal çıxır, amma xəstədə artıq virus var. 


Biz USM-də hepatiti necə aşkarlayırıq: qaraciyər homogendir, konturları hamardır, parenximası normaldır. Baxırıq, əgər toxumada olan dənəciklərin sayı artıb-azalıbsa, həcmi böyüyüb, ya kiçilibsə, bu artıq bizi şübhələndirir. Sonra öd, mədəaltı vəz yoxlanılır, heç bir şey çıxmırsa, deməli virus qaraciyərdədir, onu zədələyib. Zədələnmənin də yüngül, orta, ağır formaları var. Qaraciyərin ölçülərində dəyişiklik varsa, ölçüsü kiçilibsə, toxumada dənəciklərdə sərtləşmə varsa, öd yollarında da dəyişiklik varsa, artıq sirrozun əlamətlərindən şübhələnirik.


Hepatit B və C – nin olması qan analizi ilə dəqiq təyin olunur. Amma USM-də də artıq virusun nə dərəcədə orqanları zədələməsi görünür. B çox yavaş inkişaf edir, C isə sürətlə, qısa müddətdə yayılır.


Virus mənşəli zədələnməni göstərən ikinci orqan öddür.  Ödün konturları nahamardır, qalınlaşma var, laylanıb, çöküntülüdür, öd yolları genişlənib – bu da virusa şübhə yaradır. Bu zaman öd yollarının, ödün iltihabını fərqləndirmək lazımdır. Ola bilər xəstədə hepatit A olub, sarılıq keçirib, ya da Hepatit B-dir.

Mədəaltı vəzin də ölçülərində də dəyişiklik olur, kanalı genişlənir. Dalağınölçüləri böyüyür. Bəzən xəstə hepatit keçirib, bilmir, amma dalaq bunu göstərir.


-Son zamanlar leykoz da geniş yayılıb. Bu xəstəliyi aylar öncə daxili orqanlardakı dəyişikliklərlə aşkar etmək olurmu? 


-Bəli.  Xəstədə bir çox xroniki xəstəliklərin nəticəsi olaraq qan dəyişilir, qan azlığı, son olaraq leykoz yarana bilər.


Leykozu incələmək üçün limfa düyünlərinə diqqətlə baxırıq. Xəstə müəyyən simptomlar keçirir, xroniki xəstəliklər müalicə olunmur, limfa düyünləri şişir, xəstənin heç xəbəri də yoxdur. Limfa düyünləri vaxtında müalicə olunmadıqda artıq qan zədələnir, leykoz son mərhələdir. Buna qədər siqnallar olur. 


-Axı çox leykoz xəstə uşaqların anası deyir ki, uşaq 1-2 ay əvvəl xəstələndi, sonra birdən leykoz aşkarlandı. Yəni bu qəfildən baş verən xəstəlikdir.


-Xeyr. Bu onlara elə gəlir ki, qəfil oldu. Əvvəldən simptomlar görünür, sadəcə fikir vermirlər. Limfa düyünlərinə önəm vermək lazımdır. Uşaqlar daha çox sahə həkimi, poliklinika pediatrı nəzarətində olur. Uşağı müayinə edənlər komanda şəklində işləməlidir. Pediatr müayinə edib nədənsə şübhələnsə USM-ə göndərməlidir. USM dəqiq baxıb nədənsə şübhələnsə qan analizləri, MRT və digər ciddi müayinələrə göndərməlidir.

 

Məsələn, bir kolleqamızın övladı xəstələnmişdi, USM –dən keçirdik. Xəstəni narahat edən hal var idi, qarında ağrılar, halsızlıq. Onun qaraciyəri, ödü yoxlanmalıydı. Amma baxdıq, orqanlarda patoloji heç nə görmədim. O zaman bir həkim kimi xəstədən anamnez topladım.  Xəstə dedi ki, əsəbiyəm, əllərim əsir, gecələr tərləyirəm. Bu da qalxanvari vəz və ağciyər xəstəliklərində olur. Rentgen olunub təmiz çıxıb. O zaman USM-də qalxanabənzər vəzini yoxladım, problem aşkarlandı. Özü də oğlan idi, oğlanlarda qalxanvari vəzidə kista, düyün nadir rast gəlinir.

 

 

Əgər bir orqanda şiş, düyün, zədələnmə varsa, o orqan ətrafındakı limfa düyünləri böyüyür. 


-Bəs onkoloji xəstəliklərdə USM nə dərəcədə effektivdir. Ən ilkin mərhələni, kiçik şişləri görə bilirsizmi?


-Onkoloji xəstəliklər çox vaxt təsadüfən aşkarlanır. Daha  çox süd vəzidə aşkarlayırıq. Xəstənin heç xəbəri belə olmur, şikayətləri də yoxdur.

Şişlər xoş və bəd xassəli olur. Xoş xassəlidə törəmə, düyün həmcins, hamar, limfa düyünləri sakit olmalıdır.

 

Bəzən görürük heç ciddi düyün yoxdur, konturu hamar, homotogen kistadır, ilk baxışdan qorxulu olmamalıdır. Amma limfa vəziləri böyüyüb. Əgər bir orqanda şiş, düyün, zədələnmə varsa, o orqan ətrafındakı limfa düyünləri böyüyür. Görürsüz yenə də siqnalı limfa düyünləri verir. 


Dünən bir xəstəmiz oldu, qarın boşluğunda bir limfa düyünü böyüyüb. Amma qaraciyər normaldır. O zaman bu ağciyər probleminə işarədir. Xəstənin imkanı da yoxdur ki, rentgen etdirsin, ağciyərlərindən ciddi şikayəti yoxdur. Onda həkimi dedi ki, rentgen lazım deyil. Amma xəstə özü dedi ki yox edəcəyəm. Niyə? Dedi mənim oğlumun çiynində sarkoma var idi, 1 ay  ərzində ölüb. Heç şikayəti də olmayıb. Ona görə qadın bilir ki, artıq genetik olaraq nəsildə bu problem var. 


Limfa düyünü şişibsə, həkimə işarədir ki, nəsə düzgün deyil, səbəbini tap. Axtarıb mütləq nəsə tapırıq. 

KT və mammoqrafiya əslində, şüalanma baxımından ziyanlıdır. Amma bəzən süd vəzi müayinəsində süd axarlarını dəqiq görmürəm. Əgər qadının yaşı 50-dən   yuxarıdırsa, o mütləq mammoqrafiyadan keçməlidir. 


Mədəaltı vəzi də kiçik orqandır, amma funksiyası çoxdur. Mən USM-də mədəaltı vəzidə kiçik düyün gördüm, cismin dərinliyini görə bilmirdim, mədəaltı vəzin arxasında günəş kələfi var. O düyün o siniri sıxsa, çox ağrı verir. O zaman KT-ə göndəriş verdim. Xəstənin heç bir şikayəti yox idi. Xəstə ağrı hiss etmirsə, bir o qədər şişdən şübhələnmək lazımdır. Xəstə ağrımırsa, o demək deyil ki, sağlamdır.


Bizim bir əməkdaşımız var idi, müayinə edəndə sağ yumurtalığında böyük bir kista, şiş gördüm. O qədər böyüyüb ki, yumurtalığın qarşısını alıb, görünmür. Çox güman ki, anadangəlmə olub, halbuki ana olub, doğuş keçib, əvvəllər USM olunub, amma görməyiblər. Çox güman ki, başqa orqanla, bağırsaqla səhv salıblar. O xəstəni də KT-ə göndərdim. Gənc pasiyentdə mədəaltı vəzidə polip aşkarladıq. Bir çox xoşxassəli şişlərin bədxassəli şişə çevrilmə ehtimalı var.


-Son 1 ildə pasiyentlərdə ən çox hansı problemləri aşkarlamısız. Millətimizdə daha çox hansı xəstəliklər tapılır?


-Qadınlarda ginekoloji – kistalar, polikistozlar, poliplər aşkarlanır. Daha  çox qalxanabənzər vəzi problemləri yayılıb. Qəribəsi odur ki, kişilərdə qalxanabənzər vəzi problemləri yaranır. Ayda 2-3 xəstə olar ki, onun qalxanabənzər vəzisi ideal olsun. Hər kəsdə nəsə tapılır. 

Süd vəzi xəstəlikləri çox diaqnoz olunur.


Uşaqlarda, gənc qızlarda düyün, kista, öd daşı aşkarlayırıq, təəccüblüdür, axı onun nə yaşı var, nə vaxt qazandı bu daşı, kistanı. Nə yaşı var ki, əməliyyata girsin. Bu məni təəssüfləndirir. Yəqin ki, qidalar və su ilə bağlıdır. Nə içməli, nə kran suyunda lazımi mikroelement və minerallar yoxdur ki, bu qədər pozuntu var. Əvvəllər belə deyildi. Yodsuzluq var. Su, duz yodlaşıb yazılır, görünür, normada deyil. Defisitlər çoxdur. Suda ftor normadan artıqdır. Ona görə hamilə qadınlarda bətndə döldə kistalar, düyünlər, öd problemləri aşkarlayırıq. 


Qaraciyərdə piylənmə - bu da qızardılmış yeməklər, şirin içkilər, fast foodla bağlıdır. Qaraciyər yüklənir. Böyrəklərdə kistalar çoxalıb, bu da kristalların hesablına artıb. Yenə də içdiyimiz su ilə əlaqələdir düşünürəm. Nəsə çatışmır ki, böyrəkdə kristallaşma gedir. Kristallar isə kistalar yaradır.


-O zaman xəstələr ildə neçə dəfə USM müayinədən keçməlidir?


-Xəstə 6 aydan bir USM müayinədən keçməlidir. Arzu olunandır ki, 2 müxtəlif yerdə və həkimdən keçsinlər. Amma bəzən olur ki, kista və daşlar 3 aydan bir əmələ gəlir. Heç nə yoxdur, 3 ay sonra baxırsan ki, daş, kista, düyün yaranıb.


Yaxşı USM müayinəsi üçün bəzi şərtlər, qaydalar var. Gərək orqanların nazı ilə oynayasan. Öd boş və dolu olanda başqa cür görüntü verir. Xəstə uzanır öd yaxşı görünmür. Gərək fırlansın. Sidik kisəsi dolu olmalıdır, amma boş olanda da nəsə görmək olur. USM müayinəyə ən azı 30 dəqiqə və bəzən daha  çox vaxt ayırırıq. Çox zaman xəstələr qapını açır ki, siz əməliyyat edirsiz, bu qədər çəkir? Həkim bir az vaxtını sərf etməlidir. Orqan çox vaxt özünü gizlədir. Bir də USM aparatı yaxşı korreksiya olunmalıdır. Yəni düzgün proqramlaşmalıdır. Təbii ki, düzgün müayinənin 70%-i həkim mütəxəssisdən asılıdır. 


-Çox zaman klinikalar USM müayinəni orqanlara bölür və ayrı-ayrı qiymətlər təyin olunur.  Belə baxdıqda, ayrı-ayrı müayinə effektli deyil və bahadır. Fikrimcə, USM-ə gələn insan bir orqanı yox, USM-də görünə biləcək bütün orqanlara baxdırmalıdır... 


-Bəli, mən də bunun tərəfdarıyam. Ümumi baxış olmalıdır. Mən onsuz da bəzən orqanlarda nəsə tapmayanda, şübhələndiyim orqan üzrə baxıram. Bu da əlavə vaxtdır. Əgər xəstə ümumi USM etdirsə, xəstədən çox həkimə rahat olur və bizi sevindirir ki, bu xəstəyə tam baxa biləcəyik. Bu müayinə onun müalicəsinə də müsbət təsir edir. Götürək elə hepatiti, leykozu. Əgər dəqiq, detallı USM müayinə olunsa, hepatit, leykoz, sirroza qədər gəlib çatmaz, tez müalicə olunar. 


Qalxanvari vəz kiçik orqandır, kişilər, oğlanlar deyir ki, zobum yoxdur, niyə baxdırım. Axı qalxanvari vəz təkcə zob xəstəliyi deyil. Bu kiçik vəz insanın bütün sağlamlığını idarə edir. Bütün hormonları, vitaminləri təyin edir. Qalxanvari vəzidə dəyişiklik qanda dəyişiklik yaradır. Qan da zədələnəndə bütün orqanlar sıradan çıxır. 


Bütün bu problemlərin səbəbi isə stres, qidalar və sudur. Xüsusən içdiyimiz su kütləvi olaraq insanlarda bir çox problemlər yaradır.


AYGÜN MUSAYEVA

Medicina.az

 

 

USM müayinədə hepatit, xərçəng və leykoz aşkarlana bilərmi? –  Mütəxəssisdən USM sirləri barədə ilginc açıqlamalar
USM müayinədə hepatit, xərçəng və leykoz aşkarlana bilərmi? –  Mütəxəssisdən USM sirləri barədə ilginc açıqlamalar
USM müayinədə hepatit, xərçəng və leykoz aşkarlana bilərmi? –  Mütəxəssisdən USM sirləri barədə ilginc açıqlamalar