Bəzi hallarda mayalanmış döl yumurtasının hərəkət etdiyi yolda müxtəlif maneələr meydana çıxır və döl yumurtası uşaqlıq divarına deyil, başqa yerə yapışır. Buna uşaqlıqdan kənar hamiləlik deyilir.
Statistik məlumatlara əsasən uşaqlıqdan kənar hamiləlik 95% hallarda uşaqlıq borusunda, nadir hallarda uşaqlıq boynu, qarın boşluğu və ya yumurtalıqda inkişaf edə bilər. Uşaqlıqdan kənar hamiləliyin saxlanılmasına heç bir ümid yoxdur. Qadın çox təcili olaraq cərrahi əməliyyata götürülməli və “yerini azmış” embrion çıxarılmalıdır. Çox nadir hallarda eyni zamanda iki yumurta hüceyrəsi mayalanaraq biri uşaqlıq daxilində, digəri isə başqa yerdə inkisaf etməyə başlayır.
Uşaqlıq borusu divarına daxil olan döl yumurtası onu tədricən parçalayır. Bundan əlavə, böyüməkdə olan döl yumurtası borunun dartılmasına səbəb olur. Bu da son nəticədə borunun partlamasına və güclü qanaxmaya gətirib çıxarır. Belə boru mütləq cərrahi yolla xaric edilməlidir. Uşaqlıq boynu hamiləliyi zamanı baş verən qanaxma isə daha təhlükəli hesab edilir. Bu zaman qanaxmanı yalnız bir yolla - uşaqlığın xaric edilməsi yolu ilə dayandırmaq olar.
Beləliklə, hamilə qadın ən erkən dövrdə USM müayinəsi keçməlidir ki, uşaqlıqdan kənar hamiləlik istisna olunsun.
Əgər uşaqlıqdan kənar hamiləlik diaqnozu qoyularsa, qanaxma başlamamış cərrahi əməliyyat aparılmalıdır! Vaxtında aparılan cərrahi əməliyyat qadına uşaqlıq borusunu və uşaqlığı qoruyub saxlamağa imkan yaradır.
Uşaqlıqdan kənar hamiləlik niyə baş verir? Uşaqlığın inkisaf qüsurları, uşaqlıq boruları və qarın boşluğunun iltihabi xəstəlikləri, öncədən edilmiş abortlar, uşaqlıq borularında aparılan cərrahi əməliyyatlar, usaqlıqdaxili spirallardan istifadə edilməsi, süni mayalanma, mayalanmanın medikamentoz yolla stimullaşdırılması və s. kimi faktorlar uşaqlıqdan kənar hamiləliyə zəmin yarada bilər.