Sosial şəbəkələrdə körpələrin, azyaşlı uşaqların foto və videolarının paylaşılması bütün dünyada birmənalı qarşılanmır.
Valideyn olduqdan sonra insanın ilk kimliyi analığı və atalığı olur. O hissə qapılıb ağılasığmaz nələrsə edirlər, bütün dünya körpənin ətrafında dönməyə başlayır. Təbii ki, onlar da bu hisslərdən eyforiyaya qapılıb onu sosial şəbəkələrdə də bölüşürlər.
Uşağın yemək yeyərkən, yatarkən, gəzərkən, ilk sözləri deyərkən, ümumiyyətlə etdiyi hər şeyi kadra köçürüb virtualda paylaşmağa can atırlar.
Medicina.az primetime.az-a istinadən xəbər verir ki, dünyaca məşhur mütəxəssislər, psixoloqlar bunun düzgün olmadığını bildirirlər.
Mütəxəssislər bildirirlər ki, hüquqi və etik çərçivədən baxanda fərdin icazəsi və razılığı olmadan fotolarını, videosunu paylaşmaq düzgün bir davranış deyil. Hətta qanun pozuntusu hesab olunur. Uşaqlar isə razılıq verib-verməmək kimi bir şüura sahib olmadıqları üçün fikir bildirə bilmirlər. Məhz buna görə,mütəxəssislər valideynlərin onların fotolarını paylaşmaq haqqına sahib olmadıqlarını bildirir. Hətta Fransada bununla bağlı yeni qanun layihəsi də hazırlanır. Fransa parlamentinin millət vəkilləri mübahisəyə səbəb olanm məsələni və uşağın gələcək həyatı üçün təhlükəli hesab olunan bu vərdişi aradan qaldırmaq üçün sözügedən qanun layihəsinin qəbulunu və icrasını vacib sayıblar. Qanun qəbul olunduqdan sonra buna əməl etməyən valideynlər bir ilə qədər həbs və 50 min dollar cərimə oluna bilərlər.