Körpə uşaqların dərisi çox zərif olur. Bu səbəbdən də bəzən damarlardakı qan dəriyə qırmızılıq verir. Amma bəzi analar körpələrinin yanaqlarının həddən artıq qırmızı olmasından qorxuya düşürlər. Əslində, bu vəziyyət bəzi hallarda həqiqətən də təhlükədən xəbər verə bilər.
Medicina.az sizə körpələrin yanaqlarının hansı səbəblərdən qızarması haqda məlumat təqdim edir.
Əvvəlcə körpənin yanaqlarının hansı səbəbdən qızardığını araşdırmaq lazımdır. Ola bilsin ki, körpəyə istidir. Buna görə də qorxmaq və təşvişə düşmək lazım deyil.
Soyuq havada gəzdikdən sonra isti otağa daxil olduqda və ya uşaq aktiv oynadıqdan sonra da onun yanaqları qızara bilər.
Bundan əlavə uşaqlar bir sıra emosional hallarda da: utanarkən, qorxudan, günahkarlıq hissi və əsəbilik yaşayan zaman da qızarırlar.
Bu cür qızarıqlıq uşağın səhhəti üçün zərərsizdir və tezliklə keçib gedir.
Yanaqlar hansı səbəblərdən qızarır?
Körpələrin yanaqlarının qızarması əksər hallarda onların sağlamlıqlarından xəbər verir. Bəzən isə bir sıra daxili xəstəlilər özünü sifətin qızarması və səpgilərlə büruzə və bilər. Belə olduqda uşağı pediatra müayinə etdirmək yaxşı olar.
Yüksək hərarət
Əgər uşaq çox az hallarda təmiz havada olursa, onun immuniteti daha aşağı olur və mikroblara qarşı müqaviməti zəifləyir. Uşaq daha tez-tez viruslara yoluxur, qızdırması qalxır. Bədən istiliyini azaltmaq üçün isə qan damarları genişlənir və bu səbəbdən də yanaqları qızarır.
Çox yedikdə
Bir çox həkimlər bildirirlər ki, körpənin yanaqlarının qızarması həddən çox qida aldıqda da müşahidə etmək olar. Bu, orqanizmin artıq qidanı həzm etməsi üçün əlavə enerji sərf etməsi səbəbindən meydana çıxır. Onu da qeyd edək ki, bu yalnız əlavə qida ilə qidalanan körpələrdə baş verir. Ana südü yeyən uşaqlarda təbii sorma prosesi getdiyi üçün doyma hissi vaxtında yarandığından bu hal yaşanmır.
Soyuma və qızma
Havanın soyuq və ya isti olmasından asılı olmayaraq, körpələri hər gün təmiz havada gəzdirmək lazımdır. Amma həddən artıq soyuq və şaxtalı havalarda yaxşı olar ki, uşağı çölə çıxarmayasız. Çünki şaxtalı hava və güclü külək uşağın dərisinə təsir edə bilər. Əgər uşağın yanaqlarında ağ ləkələr görürsüzsə, deməli, o üşüyür və bədənində soyuma prosesi başlayıb. Əksinə, yanaqlarının qızarması isə bədənin həddən artıq istilənməsinin bir əlamətidir. Bu zaman vəziyyətə uyğun olaraq körpəni ya isti yerə aparmaq, ya da əynindəki paltarlarını soyunduraraq sərinlətmək, su vermək lazımdır. İsti havada uşağı birbaşa günəş şüalarının altına qoymaq olmaz. Dəridə əmələ gələn qızartıları aradan qaldırmaq üçün isə uşağın dərisinə günəş kremi çəkə bilərsiniz.
Diatez
Atopik dermatit, yəni diatez yalnız körpənin yanaqlarında qızartı ilə deyil, həmçinin də bədənin müxtəlif yerlərində səpgilərlə də özünü büruzə verir.
Diatez əsasən 3 yaşlarndan sonra meydana gəlir və inkişaf edərək ekzema və bronxial astmaya da çevrilə bilər. Məhz buna görə də, diatezli körpələri allerqoloqa müayinə etdirmək lazımdır.
Allergiya
Yanaqlar həm qida allergiyasından, həm də kontakt allergiyasından qızara bilər.
Kontakt allergiyası zamanı mütləq yuyucu tozları və digər kimyəvi tərkibli vasitələri uşaqla təmasdan uzaqlaşdırın. Uşağın paltarlarını allergiyaya həssas insanlar üçün olan yuyucu tozlarla təmizləyin.
Otağı tez-tez havalandırın. Tozsoranla təmizləyin.
Qida allergiyası zamanı isə uşağı allergiyası olan qida kompanentlərindən uzaq tutun.
Qeyd edək ki, uşaqların sitrus meyvələrinə, çiyələyə, bala qarşı yüksək həssaslıqları olur. Bu zaman uşağın bədənində səpgilər, qızartı hətta şişmə və nəfəs tıxanıqlığı da yarana bilər.
Ekzema
Çox vaxt diatez xəstəliyi inkişaf edərək daha təhlükəli bir xəstəliyə - ekzemaya çevrilə bilir. Bu zaman uşağın dərisində suluqlar yaranır, qızarır və qaşınır. Ekzema xəstəliyi ciddi olaraq müalicə tələb edir.
Skarlatina
Boğazda müşahidə edilən bu infeksion xəstəlik zamanı uşağın sifəti qızarır, ağız-burun ətrafı hissə isə solğun olur. Dil moruğu rəng alır, üzərində olan məməciklər görünməyə başlayır. Badamcıqlar şişir. Uşağın hərarəti 39 dərəcəyə qalxır. Bu sadalanan əlamətlər müşahidə edildikdə uşağı vaxt itirmədən həkimə aparmaq lazımdır. Çünki xəstəliyin nəticəsi bəzi hallarda letal olur - ölümlə nəticələnir.
Arzu
Medicina.az