Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 20-22 noyabr 2018-ci ildə "Uşaqların sağlamlığı sahəsində inkişafın ölçülməsi” mövzusunda seminar keçirilib. Tibb işçiləri üçün nəzərdə tutulan seminarda Səhiyyə Nazirliyinin, Elmi Tədqiqat Pediatriya İnstitutunun, Respublika Perinatal Mərkəzinin, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun, Bakı baş Səhiyyə İdarəsinin, İSİM-in mütəxəssisləri, həkimlər iştirak ediblər.
Medicina.az xəbər verir ki, İSİM-in direktoru Qəhrəman Haqverdiyev giriş sözü ilə çıxış edərək, ölkəmizdə "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunduğunu və bu istiqamətdə mühüm tədbirlər görüldüyünü bildirib. O, monitorinqin və onun əsasında təhlillərin aparılmasının əhəmiyyətini vurğulayaraq, ana və uşaqların sağlamlığının qorunması sahəsində monitorinq sisteminin yaradılmasının Dövlət Proqramında, Səhiyyə Nazirliyinin Tədbirlər Planında yer alan əsas məsələlərdən biri olduğunu diqqətə çatdırıb
Southampton Universitetinin demoqrafiya üzrə elmlər namizədi Endryu Çannon (Andrew Channon) seminar iştirakçılarını səhiyyə sistemləri üzrə monitorinq və qiymətləndirmə işinin aparılmasına dair təlimatlarla tanış edib. Ekspert ümumi səhiyyə sistemlərinin qiymətləndirilməsi üzrə ən çox istifadə edilən təhlil metodları, əsas göstəricilərdən istifadə barədə ətraflı məlumat verərək, Azərbaycan üzrə uşaqların sağlamlıq göstəciləri ilə bağlı geniş təqdimatla çıxış edib.
Qeyd edək ki, Southampton Universitetinin Sosial statistika və demoqrafiya fakültəsində çalışan, müxtəlif ölkələrdə UNICEF və Ümumdünya Səhiyyə Təşkilatı ilə iş təcrübəsinə malik Endryu Çannon tərəfindən keçirilən təlimlərin əsas məqsədi səhiyyə sistemləri üzrə monitorinq və qiymətləndirmə çərçivəsini daha geniş kontekstdə izah etməkdir.