Sumqayıt şəhərində sudan zəhərləndiyi iddia edilən uşaqlarda "Rotavirus” aşkarlanıb.
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev bildirib ki, iyun ayının 9-10-da uşaqlardan götürülən nümunələrin laboratoriya müayinələrinin nəticələrinə görə, onlarda "Rotavirus” infeksiyası aşkar edilib: ""Rotavirus” infeksiyası azyaşlı uşaqlar arasında baş verən bir xəstəlikdir və əsasən sudan keçir. Bu nümunələrin laboratoriya nəticələrindən aşkarlanan törədici sübut edir ki, infeksiya sudan keçib”.
İ.Abdullayev deyib ki, 4 gün ərzində 136 uşaqda belə infeksiya əlamətləri müşahidə edilib: "Hazırda 46 uşağın stasionar müalicəsi davam etdirilir. Onların vəziyyəti kafidir və yaxın vaxtda evə buraxılacaqlar. İnfeksiya baş vermiş ərazidə tibbi-profilaktik tədbirlər və əhali arasında sanitariya-maarifi işləri davam etdirilir”.
İ.Abdullayev əlavə edib ki, "Rotavirus”un yayılma yolunun əsasən su olduğu nəzərə alınaraq, infeksiyanın səbəbinin su şəbəkəsi olduğu ehtimal edilir: "Bu qeyd olunanlarla əlaqədar olaraq, suyun təmizlənməsi istiqamətində tədbirlər ciddi nəzarətə götürülüb. Aparılan laborator müayinələrin sayı da artırılıb. Bu gün də biz həmin ərazidən su nümunələrinin götürülməsini davam etdiririk. Hazırda ayın 9-10-da götürülmüş su nümunələrinin nəticələrinə görə, suyun tərkibi bütün standartlara cavab verir. Amma hadisə ayın 7-də baş verib və o gün suyun tərkibində nəyin olub-olmadığına dair nə isə demək mümkün deyil. Çünki ayın 7-dən sonra suda xlorlama işləri aparılıb.
"Azərsu” ASC-nin əməkdaşları ilə birgə infeksiyanın yayıldığı həmin ərazilər xəritələşdirilib və bizə təqdim olunub. Həmin xəritə üzrə bütün nöqtələrdən bir neçə gün ərzində müqayisəli şəkildə su nümunələri götürüləcək. Bu məsələnin gündəlikdə saxlanması məqsədilə 10 gün ərzində işlər davam etdiriləcək. Bu proses tamamilə nəzarət altındadır. Problem aradan qaldırılana qədər gücləndirilmiş rejimdə işlər davam etdiriləcək”.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzində Baş direktorun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva isə Lent.az-a bildirib ki, "Rotaviorus” infeksiyası əsasən çirkli əllər vasitəsilə keçir.
Bu infeksiyanın uşaqlar arasında geniş yayıldığını deyən A.Əliyeva bildirib ki, infeksiya çiy sudan da keçə bilər: ""Rotavirus” infeksiyasına qarşı peyvənd var, amma ölkəmizdə bu virus geniş yayılmadığı üçün buna qarşı peyvənd tətbiq edilmir. Ola bilsin, gələcəkdə bu məsələ müzakirə edilsin”.
A.Əliyeva bildirib ki, virusdan qorunmaq üçün gigiyenik qaydalara əməl etmək lazımdır: "Əlləri tez-tez yumaq lazımdır. Meyvə-tərəvəzləri yaxşı yumamış yemək olmaz”.
Bakutibb