"Hazırda insanlar, o cümlədən uşaqlar arasında bir qrup xəstəliklər var. Onların çoxu mövsümi xəstəliklərdir. Bu xəstəliklər Səhiyyə Nazirliyinin diqqətindədir”.
Bunu Medicina.az-a açıqlamasında baş pediatr Nəsib Quliyev bildirib.
N. Quliyev deyib ki, bu xəstəliklərə el arasında soyuqdəymə xəstəlikləri də deyilir. Soyuqdəymə xəstəliklərinin əmələ gəlməsini səbəbləri var. Birincisi, bu, bədənin soyuması ilə əlaqədar baş verən problemdir. İkincisi, bu xəstəlilər payız və qış mövsümündə uşaqların daha çox bir yerə cəmləşməsi ilə əlaqədar yayılır. Uşaqların biri xəstələnirsə, uşaq kollektivinə gedəndə digərlərini də yoluxdurur: "Biz onları kəskin respirator virus infeksiyaları adlandırırıq, hazırda o xəstəliklər mövcuddur. Hazırda o virusun Azərbaycanda törətdiyi heç bir epidemiya mövcud deyil. Əvvəlki illərdən heç bir ciddi fərq görünmür. Ayrı-ayrı qruplar şəklində xəstələnmə olsa da, şükür ki, ölkəmizdə sabitlikdir. Səhiyyə Nazirliyində hələ 2018-ci ilin oktyabr ayında qış mövsümündə əsasən dediyimiz viruslar tərəfindən törədilə biləcək infeksion xəstəliklərin qarşısının alınması üçün tədbirlər planı həyata keçirilir. Hazırda ölkəmizdən kənarda H1N1 virusunun yaydığı qrip yayılıb, ona "donuz qripi” deyilir. Ölkəmizdə "donuz qripi” qeydiyyata alınmayıb. Arzu edirik ki, Azərbaycanda heç rast gəlinməsin. Yəni dövlət, Səhiyyə Nazirliyi tərəfindən vacib olan bütün tədbirlər həyata keçirilir. Böyük ümid bəsləyirik ki, inşallah, Azərbaycanda belə stabil vəziyyət yaza kimi də davam edəcək”.
Baş pediatr qeyd edib ki, uşaqlar arasında xəstəlik törədən virusların sayı bir deyil, minlərlədir. Onun sözlərinə görə, bunların hamısına qrip demək də düzgün deyil. Klassik qrip viruslarının 15-ə qədər ştampı var. Amma ondan paraqrip, rinoviruslar, rotaviruslar var ki, bunlar da buna bənzər xəstəliklər törədə bilər: "Bu gün ölkəmizdə konkret bir virusun epidemiyası mövcud deyil”.
N. Quliyev valideynlərə tövsiyələrini də açıqlayıb: "Bizim xalqın gözəl bir sözü var. Deyilir ki, qışın tədbirini yayda görmək lazımdır. Yayda, yazda təbiətin bizə verdiyi fürsətlərdən istifadə edərək təzə tərəvəz və meyvələrin uşaqla tərəfindən daha çox istifadə edilməsini təmin etməliyik. Hava, Günəş, qum vannası var, təbiət bunların hamısını bizə bəxş edib. Başqa sözlə, biz uşaqların orqanizmini ilin fürsət olan gözəl fəsillərində möhkəmləndirərərk qışda xəstələnmələrinin sayını minimuma endirə bilərik. Hər bir valideyn bu fürsətlərdən özü və övladları üçün istifadə etməlidirlər. İkincisi, payız mövsümü başlayana kimi bağçalar, məktəblər, universitetlər işə başlayır. Heç zaman xəstələnən uşağı uşaq kollektivinə buraxmaq olmaz. Valideyn uşaqda hər hansı xəstəlik əlaməti görünən kimi onu bağçaya, məktəbə, universitetə yox, həkimin yanına aparmalıdır. Həm də xəstələnən uşağı kollektivə buraxanda digər uşaqları yoluxdurmaqla bərabər, uşağın özündə də fəsadlar yaranır. Xəstələnən uşaq ya xəstəxanada, ya da evdə tibb işçilərinin nəzarətində olmalıdır”.
Baş pediatr uşaqların geyim və yeməklərinə də xüsusi diqqətlə yanaşılmasını tövsiyə edib: "Uşaqlar ilin fəslinə uyğun geyindirilməli, soyuqdəymədən qorunmalıdır. Bəzən valideynlər buna fikir vermirlər, arzuedilməz hallarla qarşılaşırlar. Payız-qış mövsümündə uşaqlar uşaq kollektivinə gedəndə onu ac yola salmaq olmaz. Mütləq səhər uşaqlar yemək yeməlidirlər. Ümumiyyətlə, uşaqlara qış fəslində də vitaminli qidalar, xüsusən C vitamini ilə zəngin qidalar verilməlidir. Valideynlər tibb işçiləri ilə məsləhətləşərək bunu edə bilərlər. Yəni elə xəstəliklər var ki, onlara qarşı peyvənd olunmalıdır. Mütləq uşaqlar peyvənd olunmalıdır. Uşaqları peyvənddən yayındırmaq çox böyük risklərlə nəticələnir. Bunu tibb işçiləri ilə bərabər valideynlər də diqqətdə saxlamalıdırlar”.
Çingiz
Medicina.az