2022-ci il iyulun 18-də Kənar Dairəvi yol küçəsi 8 ünvanında ölüm hadisəsinin baş verməsi barədə Yasamal rayon prokurorluğuna məlumat daxil olur.
Dərhal hadisə yerinə əməliyyat-istintaq qrupu çıxır. Araşdırmalar zamanı məlum olur ki, həmin ünvandakı 28 saylı binanın 5-ci mərtəbəsində yaşayan, 1997-ci il təvəllüdlü Aytən Abbasova qızları - 2019-cu il təvəllüdlü Sofiya və 2020-ci il təvəllüdlü Sara ilə birgə özünü pəncərədən atıb. Nəticədə Sara Abbasova hadisə yerində dünyasını dəyişib. Qadın və digər qızı Sofiya isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Amma bir müddət sonra ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.
Lent.az həmin cinayət işinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Aytən Abbasova iyulun 18-də ad gününü qeyd edən qayınanası Elmirə Abbasova mübahisə edərək, qarşılıqlı dava zamanı bir-birilərinə zərbələr endiriblər. Bundan sonra, Elmirə Abbasova Rusiyanın Yamalo-Nenets vilayətinin Noyabrsk şəhərində yaşayan oğlu Suslan Abbasova zəng edib, mübahisə etmələri barədə ona məlumat verib. Buna əsəbiləşən Suslan Abbasov arvadına zəng edərək tezliklə Bakıya qayıdacağını və onu cəzalandıracağını bildirib. Ərindən və qayınanasından qisas almağı düşünən Aytən Abbasova, özünü uşaqları ilə birlikdə yaşadığı mənzildən yerə atmaqla, övladlarını öldürmək qərarına gəlib. Saat 23:10-da yatmış vəziyyətdə olan uşaqlarını götürərək, onlarla birlikdə yataq otağının pəncərəsindən aşağı tullanıb. Nəticədə Sara Abbasovanı xüsusi amansızlıqla qəsdən öldürüb, digər qızı Sofiya Abbasovanı isə qəsdən öldürməyə cəhd edib.
Aytən Abbasova məhkəmədə əlavə edib ki, aprelin 27-də “İnşaatçılar” metrostansiyasına düşərək, qızları ilə özünü qatarın altına atıb, intihar etmək istəyib. Lakin sonra fikrindən daşınıb.
Kompleks stasionar, təkrar məhkəmə-psixoloji ekspertizasının rəyinə görə, Aytən Abbasova ittiham olunan əməli törədən zaman «isterik tipli şəxsiyyət pozuntusu»ndan əziyyət çəkib. Bu psixi patologiyadan əziyyət çəkən şəxslərə diqqət yetirmədikdə onların tez bir zamanda əhval-ruhiyyələri dəyişir. Gərginlik yaranarsa özlərinə qarşı diqqət və qayğı tələb edirlər, özünə və ətrafdakılara xəsarət də yetirə bilərlər. İyulun 18-də özünü və övladlarını mənzildən atarkən emosional halından asılı olaraq hərəkətlərini dərk etmək iqtidarında olmayıb. Buna görə də, Aytən Abbasova törətdiyi cinayət əməli üzrə anlaqsız hesab olunmalıdır.
Məhkəmə iclasında Aytən Abbasova törətdiyi əməli qismən etiraf edərək göstərib ki, iyulun 18-də səhər həyat yoldaşı ilə dalaşıb və sonra uşaqlarını həkimə aparıb. Övladları ilə birgə özünü pəncərədən atması yadında deyil. Onun iki qızı hazırda sağdır. İstintaqda nə danışdığını xatırlamır.
Məhkəmə hesab edib ki, Aytən Abbasova Cinayət Məcəlləsinin 120.2.4-sü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 29,120.2.4, 29,120.2.7-ci və 29,120.2.9-cu (xüsusi amansızlıqla, köməksiz vəziyyətdə olan iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələrində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törədib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 21-ci maddəsinə əsasən Aytən Abbasova cinayət məsuliyyətindən və cəzadan azad edilib. Barəsində tibbi xarakterli məcburi müalicə təyin edilməklə o, 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.