Uşaqların həyatının ilk illərində və 13-16 yaşında xəstələnmə ehtimalı çoxdur. Uşaq və yeniyetmələr arasında vərəmin erkən və lokal formalarını aşkar etmək üçün tuberkulinodiaqnostikadan (bədənin vərəm mikobakteriyasına qarşı xüsusi həssaslığını təyin etmək üçün diaqnostik test) istifadə olunur. Tuberkulinodiaqnostika 12 aylıqdan başlayaraq ildə bir dəfə qoyulur.
"Medicina" xəbər verir ki, Səhiyyə Nazirliyi prof. Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının həkim-ftiziatrı Aygün Rəhimova vərəm xəstəliyi barədə danışıb.
- Vərəm dünyada geniş yayılmış xroniki yoluxucu xəstəlikdir və hava-damcı yolu ilə insana keçir. Vərəm xəstəliyini orqanizmə daxil olan turşuya davamlı vərəm mikrobakteriyası yaradır. Öz bioloji patogenik xüsusiyyətlərinə görə vərəm mikobakteriyaları insan, mal-qara, quş və gəmiricilər qruplarına ayrılır. 92 faiz hallarda insanlarda xəstəlik insan amili yaradır. Xəstəliyin yayılmasında yoluxmuş insanların rolu böyükdür. İnsan bədəninə daxil olan vərəm mikobakteriyası orqanizmin güclü immunitet sayəsində xəstəlik törətmir.
- İnsanın vərəm xəstəliyinə yoluxması 90-95 faiz hallarda tənəffüs yolları vasitəsilə (hava-damcı, hava-toz) olduğu üçün ağciyərlər ən çox zədələnən orqan olur. Lakin vərəm mikobakteriyası bütün orqan və toxumalarda xəstəlik yaratmaq ehtimalı var. Məsələn, sümük və oynaqlarda, beyin qişaları və mərkəzi sinir sistemində, sidik-tənasül orqanlarında, bağırsaq, dalaq, göz və s.
- Vərəm xəstəliyi zamanı əsasən intoksikasiya əlamətləri, zəiflik, gecələr tərləmənin artması, bədən çəkisinin azalması, 37,2-37,6 ̊C hərarət, uzunmüddətli öskürək, tez yorulma, əsəbilik, iştahanın pozulması müşahidə olunur.
- Vərəmin klinik formasından, yayılma dərəcəsindən və ağırlığından asılı olaraq, xəstələrin müxtəlif müalicə rejimlərinə ehtiyacı var. Xəstəliyin kəskin dövründə xəstə yataq rejiminə əməl etməlidir. Kəskin əlamətlər keçəndən sonra gün ərzində 15-30 dəqiqə arası gəzintiyə çıxa bilər. Əgər xəstə təyin edilmiş rejimə düzgün əməl edərsə, onun vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşar.
Qida rejimində vərəmli xəstələr üçün zülallar xüsusi əhəmiyyət kəsb edir. Ən keyfiyyətli zülallar mal, qoyun, toyuq ətində, qara ciyərdə, balıqlarda, süd, kəsmik, yumurta, noxud, lobya və qarabaşaqda olur. Tərəvəzlər karbohidratlara tələbatı ödəməyə kömək edir.
Zülal, karbohidrat və yağlardan başqa orqanizmə vitaminlər də lazımdır. Vitaminlər çoxsaylı ərzaq məhsullarında olur. Məsələn, yumurta sarısı, yerkökü, ərik, pomidor, ispanaq, noxud, limon, naringi, qoz vasitəsilə vitamin balansını tənzimləmək olar.
- Orqanizmin müdafiə qabiliyyəti zəif olduqda vərəm xəstəliyi yarana bilər. Orqanizmi zəiflədən faktorlara qrip, qızılca, pnevmoniya, şəkərli diabet, mədə və onikibarmaq bağırsağın xorası, zərərli vərdişlər (tütünçəkmə, narkomaniya) aiddir. Sağlam həyat tərzi, zərərli vərdişlərdən uzaq qalmaq və ilkin simptomlarda həkimə müraciət xəstəlikdən qoruya bilər.
Aygün Musayeva