Ana öncə uşağın bu prosesə hazır olub-olmadığını bilməlidir. Qeyd edim ki, uşaqlarda tualet vərdişi həm fiziki, həm də psixoloji baxımdan ən tezi 18-24 aylıqdan formalaşır. Məhz bu yaşda onlar sidik kisəsi və bağırsağı şüurlu şəkildə idarə edə bilirlər. Əlbəttə bu, hər uşağa görə dəyişir.
Uşağın tualet vərdişinə hazır olub-olmadığını necə öyrənməli?
Əgər uşağınız tualeti gəldiyində-özünü sıxırsa, tualetini etmək üçün bir küncə çəkilirsə, bezi islandıqda narahat olub onu çıxarmağa çalışırsa, bəli-xeyr suallarını anlayırsa, alt paltarını endirib qaldıra bilirsə, mükafata hər hansı bir reaksiya verirsə, bu halda tualet vərdişini öyrətmək olar.
Ev şəraitində tualet vərdişinə yiyələnməyin ən sadə üsulları:
Bu prosesə başlamaq üçün ən ideal vaxt yaydır. İsti havalarda balacalar yüngül, geyinib-soyunması daha asan olan yay paltarında olurlar. Uşaq özünü sıxmağa başladığı an ana onu güvəcə oturdub, tualeti olub-olmadığını soruşmalı və bu, gün ərzində bir neçə dəfə təkrarlanmalıdır. Sonrakı mərhələdə bezi çıxarmaq məsləhətdir. Əgər uşaq 15-20 dəqiqə ərzində quru qalırsa, deməli, o, artıq əzələlərini idarə edə bilir. Aradakı vaxt intervallarının qeydə alınması məsləhətdir.
Qrafikə əsasən uşağın eyni vaxtda güvəcə oturması çox önəmlidir. Çalışın ki, balacanı yeməkdən, eləcə də yuxu öncəsi və yuxudan sonra güvəcə öyrəşdirəsiniz. Proses zamanı müəyyən uğursuzluqlar yarana bilər. Uşaq altını islatdığı zaman anlayışla qarşılayın, onu hirsləndirib danlamayın.
Motivasiyaedici sözlərlə dəstək olmağa çalışın. Məsələn, başlanğıc mərhələdə tualetini etdikdən sonra güvəcin arxa hissəsinə maraqlı (mükafat kimi) stikerlər yapışdıra bilərsiniz.
Tualet vərdişi öyrədilən zaman uşağa oyuncaq verilməməlidir. Çünki başı oynamağa qarışacaq, güvəcə niyə oturduğunu unudacaq. Əgər uşaq ard-arda 10-12 dəfə tualetini edirsə, deməli, o, artıq bu vərdişə tam yiyələnmişdir.
Unutmayın, uşağınıza tualet vərdişi aşılayarkən səbrsizlik edib ona aqressiv davransanız övladınız stress yaşayar və nəticədə kəkələmə, loqonevroz, qəbzlik və enurez kimi psixoloji problemlər yaranar.
Loqos
Medicina.az