Türkiyəli həkim Burcu Kesmez Evirgen uşaqları virusdan qorumağın yollarını açıqlayıb.
1- Qrip peyvəndi etdirin:
Qripdən qorunmağın ən təsirli yolu uşaqların hər il peyvənd edilməsidir. Amerika Pediatriya Akademiyası 6 aylıq və daha yuxarı bütün uşaqlara qripə qarşı peyvənd etməyi tövsiyə edir. Peyvənd təkcə uşaqları qorumur, həm də ailə üzvlərində və bütövlükdə cəmiyyətdə xəstəlik yükünü azaldır. Odur ki, uşağınızın qrip peyvəndini almağı vərdiş edin.
2- Əl gigiyenasına diqqət edin:
Uşağınıza əllərini tez-tez sabunla yumağı öyrədin və gigiyena qaydalarına fikir verin. Uşağınıza məlumat verin ki, əllərini üzünə vurmasın, çünki viruslar əllər vasitəsilə burun, ağız və gözlərlə təmasda olur.
3- Qapalı və izdihamlı mühitlərdən qaçın:
Epidemiya dövründə alış-veriş mərkəzləri, ictimai nəqliyyat kimi izdihamlı və havasız mühitlərdən mümkün qədər uzaq durun. Uşağınızın qripi olan insanlarla təmasdan çəkinməsini təmin edin. Əgər izdihamlı bir mühitə girmək lazımdırsa, uşağınıza maska taxın.
4- Bol su için:
Kifayət qədər maye qəbulu orqanizmin virusla mübarizəsini dəstəkləyir. Buna görə də uşağınızın yaşına uyğun olaraq bol su içməsinə diqqət yetirin. Təkcə su deyil, meyvə şirələri, bitki çayları, ayran, kefir kimi içkilər də orqanizmdə mayenin miqdarını artırır.
5- Mütləq süfrənizdə olsun:
Süfrənizə zülal, sağlam yağlar, vitaminlər və minerallarla zəngin qidalar daxil edin. Qatıq, kefir və fermentləşdirilmiş qidalar kimi probiyotiklər bağırsaq sağlamlığını dəstəkləyir və immunitet sistemini gücləndirir. Şəkərli və işlənmiş qidalardan uzaq durun.
6-Evi tez-tez havalandırın:
Təmiz və nəmli hava tənəffüs yollarını qorumağa kömək edir. Ətraf mühitin rütubət tarazlığını qoruyun, çünki çox quru hava burun və boğazda qıcıqlanmaya səbəb ola bilər. Nəticədə qrip kimi virus infeksiyalarının orqanizmə daxil olmasını asanlaşdıra bilər. Evdə təmiz havanın dolaşması üçün mütəmadi olaraq pəncərələri açaraq otaqlarınızı havalandırın.
7- Kifayət qədər yuxu çox vacibdir:
Qeyri-kafi yuxu orqanizmin xəstəliklərlə mübarizəsini çətinləşdirir. Daimi yuxu vərdişləri uşaqların ümumi sağlamlığının qorunmasında mühüm rol oynayır. İmmunitet sistemini güclü saxlamaq üçün uşağınızın hər gecə ən azı 8 saat yatmasını təmin edin.
8-Yaşına uyğun idman seçimi:
Daimi hərəkət immunitet sistemini gücləndirən mühüm faktordur. Buna görə də fiziki fəaliyyət orqanizmin xəstəliklərlə daha yaxşı mübarizə aparmasına kömək edir. Uşağınızı açıq havada oynamağa, gəzintiyə çıxmağa və ya yaşına uyğun idmanla məşğul olmağa təşviq edin..
Aygün
Medicina.az